Azərbaycan, Bərdə, 23 iyun/ Trend , müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində qoşunların təmas xəttində Azərbaycanın mülki vətəndaşı yaralanıb. Trend -un bölgə müxbirinin məlumatına görə, Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Çıraqlı kəndinin sakini Yeganə Rəcəb qızı Məmmədova əkin sahəsində işləyərkən iyunun 22-də axşam saatlarında güllə yarası alıb.
Trend -un arayışı: Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bu il Azərbaycanda 3 mülki şəxs həlak olub.
Ağdam rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, Məmmədova sağ qolundan yaralanıb və vəziyyəti orta-ağırdır.
Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]