Azərbaycan, Bakı,04 fevral / Trend , müxbir C.Babayeva/ Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir, ölkənin Bakıda səfərdə olan xarici işlər nazirinin müavini Andrey Kremer çərşənbə günü Milli Məclis sədrinin müavini Valeh Ələsgərovla görüşdə bildirib.
Görüşdə vitse-spiker Milli Məclisin strukturu, parlamentin fəaliyyəti, beynəlxalq əlaqələri, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, neft strategiyası, Dağlıq Qarabağ münaqişəsi prosesindəki mövcud vəziyyət və digər məsələlər barədə qonağa məlumat verib, - Milli Məclisin yaydığı məlumatda bildirilir.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz, sülh danışıqları aparılır.
Əsgərov iki dövlət və parlamentlərarası münasibətlərin inkişafında əməkdaşlıq fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Vitse-spiker Azərbaycanla Polşa arasında münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və bu sahəyə parlamentlərin mühüm töhfələr verə biləcəyini bildirib.
Görüşdə Avropa enerji təhlükəsizliyi prosesində Azərbaycanın rolu, ölkənin təşəbbüskarı və iştirakçısı olduğu qlobal miqyaslı neft və qaz layihələri, əlaqələrin gələcək inkişaf perspektivləri müzakirəedilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]