Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir E.Tarıverdiyeva /
Dağlıq Qarabağ üzrə qətnamə BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyində qalacaq, Trend -a Azərbaycanın bu təşkilatda daimi nümayəndəsi Aqşin Mehdiyev bildirib.
Onun sözlərinə əsasən, Dağlıq Qarabağ üzrə yeni qətnamə layihəsi haqqında danışmaq üçün hələ tezdir.
"BMT Baş Assambleyasında həmçinin "GÜAM ərazisində uzunsürən münaqişələr və onların dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri" və "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət"ə dair layihələr təqdim olunacaq", - deyə Mehdiyev bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Mehdiyevin sözlərinə əsasən, Azərbaycan tərəfi həmçinin informasiya texnologiyaları sahəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Super Highway layihəsini təqdim edəcək.
Mehdiyevin sözlərinə görə, Azərbaycanın BMT-dəki qrupu təkcə bu layihələr üzərində çalışmayacaq.
BMT Baş Assambleyasının 64-cü sessiyası sentyabrda Nyu-Yorkda baş tutacaq.