Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri ilə işləməyə hazırdır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2009 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir S.Ağayeva /

Azərbaycan ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri ilə işləməyə hazırdır, Trend -a çərşənbə axşamı XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov ABŞ tərəfindən Dağlıq-Qarabağ münaqişəsinin həllində yeni vasitəçinin təyin edilməsinə şərh verərək bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üzrə mövqeyimiz dəyişilməz qalır. Bu münaqişə ölkənin ərazi bütövlüyü və Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi çərçivəsində həll edilə bilər, bu istiqamətdə danışıqlar davam edəcək", - Poluxov bildirib.

ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri vəzifəsinə, ABŞ-ın Xorvatiyadakı keçmiş səfiri Robert Bradke (Robert Bradtke) təyin olunub, bu barədə Trend -a Dövlət Departamentinin Avropa və Avrasiya şöbəsindən məlumat verilib.

"Amerika Dağlıq Qarabağ probleminin həllinə böyük önəm verir və inanır ki, yeni səfir sülhpərvər siyasəti davam etdirəcək, ATƏT-in Minsk Qrupunun səylərini gücləndirəcək", - Departamentdən mənbə bildirib.

Onun sözlərinə görə, Robert Bradke - peşəkər diplomatdır, o cümlədən münaqişə məsələlərində. Bradke uzun müddət Balkan məsələləri, ABŞ-ın NATO və ATƏT ələqələri ilə məşğul olub. Keçmiş amerikalı həmsədr Metyu Brayza kimi, o da 2001-ci ildən 2004-cü ilə kimi ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi müavininin köməkçisi vəzifəsini icra edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti