...

Ankara ilə münasibətlərin normallaşdırılması İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktivliyinə səbəb ola bilər – ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2009 09:11 (UTC +04:00)
"İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tuta bilər", - ekspertlər belə hesab edir.
Ankara ilə münasibətlərin normallaşdırılması İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktivliyinə səbəb ola bilər – ekspertlər

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir E.Tariverdiyeva/

"İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tuta bilər", - ekspertlər belə hesab edir.

Azərbaycanlı politoloq Tofiq Abbasov hesab edir ki, Bakı ilə Ankara arasında olan bəzi soyuqluğu Ermənistan Dağlıq Qarabağ münaqişəsini asanlıqla həll etməyə imkan verən tarixi şans kimi qəbul edib. "Amma erməni siyasətçiləri bir detalı nəzərdən qaçırırlar ki, onlara güzəştə gedilməyəcək. İrəvandan fərqli olaraq, Bakı vasitəçilərə təzyiq etmək iqtidarındadır", - politoloq deyib.

"Biz Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda keçirdikləri son görüşü konstruktiv adlandıra bilmərik", - cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Trend -a deyib.

Onun sözlərinə görə, dövlət başçılarının son görüşü nikbin olmağa əsas vermədi. Çünki Ermənistan tərəfi birdən-birə hələ iki-üç il əvvəl razılaşdırılmış məsələləri müzakirə etməyə başladı. Məmmədyarov bunu regionda baş verən son hadisələrlə - Türkiyə-Ermənistan yaxınlaşması ilə əlaqələndirir.

"Yəqin Ermənistan tərəfi belə hesab edir ki, əgər onlarda bu istiqamətdə proses gedirsə, o zaman başqa prosesləri dondurmaq lazımdır", - Azərbaycan XİN rəhbəri deyib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan oktyabrın 9-da Kişinyovda görüşüblər. Bu, dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi üzrə sayca yeddinci görüşü idi.

Ekspertlərin fikrincə, Ermənistan Türkiyə ilə münasibətlərdə mövqeyini möhkəm hesab edərək Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidə bilər.

"Təsir etmək baxımından Ermənistan-Türkiyə diplomatiyasının Dağlıq Qarabağ münaqişəsində irəliləyişə nail olması ehtimalı azdır", - Ermənistanın Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyan hesab edir.

Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması, Ermənistanın daxili siyasəti ilə əlaqədar olaraq, çox ehtimal ki, Qarabağ münaqişəsinin həlli prosesini ləngidəcək.

"Əgər Ermənistan hökuməti Türkiyə ilə razılıq əldə edərsə, bu, siyasi cəhətdən Ermənistan rəhbərliyi üçün Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan ilə kompromisin əldə olunması, torpaqların qaytarılması və Ermənistan ordusunun Qarabağ ətrafındakı rayonlardan çıxarılması kimi güzəştlərə getməsi baxımından qoxuludur. Ermənistan ictimaiyyəti üçün belə addımları qəbul etmək çox ağır olacaq", - Qiraqosyan Trend -a bildirib.

"Protokolları imzalamaqla Türkiyə Ermənistana İrəvanın mövqeyinin kifayət qədər uğurlu olduğunu hesab etmək haqqı verdi", - cümə günü Türkiyə Böyük Millət Məclisinin deputatı Onur Öymən telefon vasitəsilə Ankaradan Trend -a bildirib.

Onun fikrincə, Ankara protokola Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yazılı şəkildə razılıq əlavə etməli idi.

"Baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir edir", - Cümhuriyət Xalq Partiyasının üzvü Öymən deyib.

"Türkiyə ilə münasibətlərin normallaşdırılması indiki Ermənistan hakimiyyəti üçün böyük qələbə idi", - Qafqaz üzrə avropalı ekspert Liçiniya Simao hesab edir.

"Hətta daimi müxalifət nəzərə alınsa da, Ermənistan Respublikası əhalisinin böyük hissəsi sərhədlərin açılması ilə həyat standartlarının və iqtisadi vəziyyətin yaxşılaşacağına, həmçinin Rusiya və diasporlardan asılılığın azalacağına ümid edir və bu dəyişikliyi dəstəkləyirlər", - Cənubi Qafqaz ölkələri üzrə Coimbra Universitetinin eksperti Simao Trend -a bildirib.

Onun fikrincə, bir tərəfdən Prezident Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kompromisə getmək üçün bəhanəsi olur, digər tərəfdən isə bu, bəzi qrupları əks nəticələrə gətirib çıxara biləcək tədbirlər görməyə vadar edəcək.

Simao hesab edir ki, bu, Ermənistanın dövlət üçün əhəmiyyəti olan iki məsələdə güzəştə getdiyi anlamına gələ bilər - qondarma erməni "soyqırımı"nın qəbul olunması və "Dağlıq Qarabağ Muxtar Respublikasının müstəqilliyi".

"İrəvanla Ankara münasibətlərinin normallaşmasına gəlincə, burada aldanmaq lazım deyil, axı Ermənistan öz iqtisadi nizamsızlığı ilə əsil yükdür", - azərbaycanlı politoloq Abbasov belə hesab edir.

Ekspertin fikrincə, Cənubi Qafqazın kənarda qalan bir ölkəsini müttəfiq qismində cəlb etməsi Ankaraya əhəmiyyətli geopolitik və kommersiya vədləri vermir.

Onun sözlərinə görə, Türkiyə özünün dünənki qəti düşməni ilə yaxınlıqdan yalnız cüzi üstünlüklər əldə edə bilər.

"Görünən odur ki, barışıq amerikalılarla avropalıların qurduqları plan əsasında baş tutacaq. Amma bu, necə deyərlər, "sayəsində deyil, ona rəğmən" prinsipi ilə qurulan əməkdaşlıq olacaq", - Abbasov deyib.

Erməni ekspertin fikrincə isə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə neqativ təsir qorxusu Ermənistanla Türkiyə münasibətlərinin normallaşmasına da mənfi təsir göstərə bilər.

"Əgər protokollar Türkiyə Parlamentində qəbul olunmasa və ya Ermənistanla Türkiyə arasında olan "kövrək diplomatiya" dağılarsa, Ermənistan tərəfi Qarabağ məsələsində daha amansız mövqe tuta bilər", - Qiraqosyan hesab edir.

"Bu halda Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlardan ordusunun çıxarılması siyasətinə yenidən baxa və daha kəskin mövqe tutmaqla ATƏT-in Minsk qrupuna və azərbaycanlı diplomatlara müqavimət göstərə bilər", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalənin hazırlanmasında R.Hafizoğlu iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti