Türkiyə və Ermənistan arasındakı danışıqlar başa çatıb. Hər iki tərəf oktyabrın 10-da Sürixdə imzalanan razılaşmada nəzərdə tutulduğu kimi, diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması üçün sürətli templə fəaliyyət göstərməlidirlər, Ermənisanın xarici işlər naziri Edvard Nalbandyan Reuters agentliyinə verdiyi müsahibəsində deyib.
"Əgər biz bu protokolları ratifikasiya etmək və yerinə yetirmək niyyətində deyiliksə, onları nəyə görə imzalamışıq? Düşünürəm ki, bütün beynəlxalq təşkilatlar protokollardakı razılaşmaların qısa zamanda ratifikasiya, realizə edilməsini gözləyirlər", - o deyib.
Ankara və Yerevan arasında diplomatik əlaqlərin bərpa edilməsinə dair protokollar Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanıb.
Türkiyə Parlamentinin bir sıra deputatları Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadıqca Ermənisantla protokolların ratifikasiya edilməsinin mümkünsüz olduğunu bəyan ediblər.
Ermənistanın XİN rəhbəri Reuters agentliyinə verdiyi müsahibədə Türkiyənin Ankara və Yerevanın tarixi yaxınlaşmasına qarşılıq Dağlıq Qarabağ münaqişəsində güzəştə getmək tələbini rədd edib.
"Əgər tərəflərdən biri razılaşmaların ratifikasiyasına və həyata keçirilməsinə əngəl yaradarsa və ya onu gecikdirərsə, düşünürəm ki, həmin tərəf mənfi nəticələrə görə məsuliyyət daşıya bilər", - Nalbandyan deyib.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması və Dağlıq Qarabağ münaqişəsi ətrafındakıl danışıqlar - "iki ayrı prosesdir".
Nalbandyan əlavə edib ki, "müsbət dinamika mövcuddur, lakin Türkiyə və Ermənistanın "bir ay və ya qısa zaman ərzində" razılığa gələcəyi haqda danışmaq düzgün olmaz.