...

Kolumbiya şəhəri Kartaxenada "Xocalıya Ədalət" aksiyası keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2009 15:42 (UTC +04:00)
Kartexena şəhərində (Kolumbiya) "Bütün dünyanın insanlıq irsi" milli gənclər festivalı çərçivəsində "Xocalıya Ədalət" kampaniyasına dəstək aksiyası keçirilib.

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir M.Əliyev/

Kartexena şəhərində (Kolumbiya) "Bütün dünyanın insanlıq irsi" milli gənclər festivalı çərçivəsində "Xocalıya Ədalət" kampaniyasına dəstək aksiyası keçirilib.

Kampaniyanın milli koordinatoru Xulio Riqo Mendeanın təşkilatçılığı sayəsində aksiya ərəfəsində, şəhərin mərkəzi küçələrinin divarlarında plakatlar yapışdırılıb, həmçinin kampaniyaya qatılmış könüllü şəhər əhalisi Xocalı faciəsi haqqında məlumatlar toplanmış bukletlər paylalıb. Bu barədə İslam Konfransı Təşkilatının Gənclər Forumunun məlumatında deyilir.

2500-dən çox gənc nümayəndənin iştirak etdiyi festivalda, "Min adam ədalətsizliyə qarşıdır" şüarı altında Xocalı faciəsini insanlığa qarşı tərədilmiş cinayət kimi adlandıran bəyannaməyə dair imza toplanması kampanıyası keçirilib.

Sözügedən aksiya çərçivəsində görüşlər, həmçinin Kartexena Universitetinin tələbələrinin iştirakı ilə "dəyirmi masa"lar keçirilib və tələbələr bu qanlı qırğın haqqında məlumatlandırılıb.

"Xocalıya Ədalət" kampaniyasına dəstək aksiyasi dekabrın 10-u, BMT-nın İnsan Haqları Günündə planlaşdırılmış beynəlxalq konfranslar çərçivəsində Cenevrə, Berlin və Haaqada davam edəcək.

"Xocalıya Ədalət" beynəlxalq kampaniyası 2008-ci il mayın 8-də İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyeva tərəfindən Dialoq və Əməkdaşlıq məqsədilə təsis edilib. Həmin kampaniya Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, həmçinin bu qanlı hadisəyə dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi və mənəvi qiymətin verilməsinə istiqamətlənmişdir.

Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunda işğalçı hərbi əməliyyatlar zamanı baş verib. Nəticədə, rəsmi məlumatlara əsasən, 613 nəfər öldürülüb (onlardan 106-sı qadın, 83-ü uşaq), 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər şikəst edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti