...

Bakı Ermənistanda yerləşdirilmiş Rusiya hərbi bazasındakı silahların Azərbaycana qarşı istifadə olunmayacağına ümid edir - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Avqust 2010 14:12 (UTC +04:00)
Bakı ümid edir ki, Moskva Ermənistanda mənzillənmiş Rusiya hərbi bazasındakı resursların və silahların Azərbaycana qarşı işlənməyəcəyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.
Bakı Ermənistanda yerləşdirilmiş Rusiya hərbi bazasındakı silahların Azərbaycana qarşı istifadə olunmayacağına ümid edir - XİN

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir S.Ağayeva/

Bakı ümid edir ki, Moskva Ermənistanda yerləşdirilmiş Rusiya hərbi bazasındakı resursların və silahların Azərbaycana qarşı işlənməyəcəyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. "RİA-Novosti" agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasındakı danışıqların yekununda baş tutub. Rusiya dövlət başçısı Ermənistanda dövlət səfərindədir. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).

"Rusiya tərəfi Axalkalaki və Batumidə (Gürcüstan) yerləşən hərbi bazalarını çıxararkən, Gümrüdəki 102 saylı hərbi bazaya verilən silahlardan heç bir şəraitdə Azərbaycana qarşı istifadə olunmayacağı ilə bağlı üzərinə öhdəlik götürüb. Biz ümid edirik ki, Rusiya tərəfi bundan sonra da Ermənistanda mənzillənmiş Rusiya hərbi bazasındakı resursların və silahların Azərbaycana qarşı işlənməyəcəyi ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiq qalacaq", - Poluxov bildirib.

Ermənistanın şimalında yerləşən Gümrüdə 1995-ci ildən Rusiya hərbi bazası yerləşdirilib. Bu baza MDB HHM birləşdirilmiş sistemləri çərçivəsində döyüş növbətçiliyi həyata keçirir. Baza RF-in Zaqafqaziyadakı Şimali Qafqaz Hərbi Dairəsinin Rusiya qoşunları qrupuna tabedir.

Baza "S-300" zenit raket kompleksləri ilə və "MiQ-29" qırıcıları ilə təchiz olunub. Bazadakı şəxsi heyətin sayı 5 min nəfərə yaxındır.

Dəyişikliklərə uyğun olaraq tərəflərdən heç biri müqavilənin qüvvədə qalma müddətinin başa çatmasına, ən azı, altı ay qalmış digər tərəfi onun müddətini dayandırmaq barədə yazılı şəkildə xəbərdar etməsə, müqavilənin müddəti avtomatik olaraq beşilliyə uzadılır.

Rusiya hərbi bazası Ermənistan ərazisində qaldığı dövrdə RF-in maraqlarının müdafiəsi funksiyasını həyata keçirməklə yanaşı, erməni silahlı qüvvələri ilə birgə Ermənistanın təhlükəsizliyini də təmin edir. Sənədə uyğun olaraq, Rusiya erməni tərəfini müasir və uyğun silahlarla, hərbi (xüsusi) texnika ilə təmin etməlidir.

Bundan əlavə, Rusiya hərbi bazası yeni hərbi hissələrin təşkilini tərəflərin qarşılıqlı razılaşması əsasında həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti