...

Rəsmi Bakı Həştərxanda Bəyannamənin imzalanmasını Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşünün müsbət yekunu kimi qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2010 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşünün müsbət yekunu kimi imzalanan Bəyannamə hərbi əsirlərin və Dağlıq Qarabağ müharibəsi nəticəsində həlak olanların meyitlərinin qaytarılması haqqında məsələyə aydınlıq gətirib. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bu problem, xüsusilə də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsi uzun müddət Azərbaycan xalqını narahat edib. "Düşünürəm ki, dünənki Bəyannamədən sonra bu məsələ də öz həllini tapacaq", - Əli Həsənov bildirib.

Dünən Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunu olaraq Bəyannamə imzalanıb və həmin sənəd hərbi əsirlərin qaytarılmasını nəzərdə tutur, humanitar xarakter daşıyır. Rusiya Prezidenti Dmitri Medvedevin sözlərinə görə, xüsusi Bəyannamə etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəldilib.

Bu il iyunun 18-də Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov erməni hərbçiləri tərəfindən öldürülüb. Ermənistan tərəfi İbrahimovun cəsədinin Azərbaycana verilməsindən imtina edib, bir neçə gündən sonra isə ermənilər əsgərin cəsədinin fotoşəkillərini İnternetdə yerləşdiriblər.

Əli Həsənovun fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istənilən formatdan istifadə olunmalı, istənilən təklif müzakirə edilməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti