Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə müraciət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu cümə axşamı Trend-ə bildirib ki, müraciətdə Kasprşikdən dekabrın 17-si saat 21:30 radələrində Tərtərin Borsunlu yaşayış məntəqəsinə doğru Ermənistan silahlı qüvvələri tərəfindən qrad qurğusudan reaktiv qəlpəli fuqas mərmisinin atılması faktının araşdırılması üçün səy göstərməsi xahiş olunub.
Sabiroğlu bildirib ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi mərmi düşən əraziyə baxış keçirmək və yerli əhalinin fikirlərini öyrənmək üçün Gürcüstanın Tibilisi şəhərindəki səhra köməkçilərindən birini oraya ezam edib.
Səhra köməkçisi Antal Herdiç hadisənin bütün təfərrüatları ilə tanış olub və mərminin həqiqətən erməni mövqelərindən atıldığını təkzibolunmaz faktlarla onun nəzərinə çatdırılıb.
Müdafiə Nazirliyi cəbhədə ciddi gərginliyə səbəb olmuş bu hadisədən sonra ATƏT rəsmilərinin hansı addımlar atacağını diqqətlə izləyəcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.