Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın işğal altında olan maddi-mədəni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işləri açılıb.
Trend-in məlumatına görə, bu barədə "Azərbaycan" qəzetinə müsahibəsində Respublika hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.
Hərbi prokuror qeyd edib ki, maddi-mədəni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı ciddi dəlil-sübutlar, faktlar mövcuddur və bu istiqamətdə zəruri istintaq hərəkətləri davam etdirilir.
Vəliyev bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, deportasiya, işgəncə və digər epizodlar üzrə aparılmış istintaq hərəkətləri nəticəsində bu il yanvarın 1-dək
sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239, banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər olmaqla 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb.
"366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Onların Azərbaycan Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 107-ci (əhalini deportasiya etmə və ya köçürtmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunmaları barədə qərarlar çıxarılıb. Barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpola göndərilib", - hərbi prokuror deyib.
O, bildirib ki, cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.