...

Batumidə Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2011 11:15 (UTC +04:00)
Tədbirdə açılış nitqi söyləyən baş konsul Hüseyn Nəcəfov Xocalı soyqırımının ağır nəticələri və ermənilər tərəfindən tarix boyu törədilmiş vəhşiliklər barədə məlumat verib, Xocalı soyqırımına bu günədək dünya ictimaiyyəti tərəfindən lazımi qiymət verilmədiyini qeyd edib.
Batumidə Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Batumidə Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Azərbaycanın Batumidəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, konsulluq tərəfindən təşkil olunmuş tədbirdə Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Donara Surmanidze, mədəniyyət nazirinin müavini Aida Abuseridze, Batumi şəhər şurasının deputatları, Acarıstan Muxtar Respublikası hökuməti aparatının və nazirliklərinin məsul əməkdaşları, Türkiyənin baş konsulu Turqu Ercan Özten, İranın baş konsulu Naser Buia, Ukraynanın konsulu Aleksandr Akimov, Ş.Rustavelli adına Batumi Dövlət Universitetinin rektoru Alioşa Bakuridze, "Acariya" qəzetinin baş redaktoru Gennadi Tebidze, Acarıstanın ictimai xadimləri və ziyalıları, Acarıstandakı Azərbaycan icmasının nümayəndələri, həmçinin, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə açılış nitqi söyləyən baş konsul Hüseyn Nəcəfov Xocalı soyqırımının ağır nəticələri və ermənilər tərəfindən tarix boyu törədilmiş vəhşiliklər barədə məlumat verib, Xocalı soyqırımına bu günədək dünya ictimaiyyəti tərəfindən lazımi qiymət verilmədiyini qeyd edib.

Baş konsul Xocalı soyqırımının yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət aldığını, bu xüsusda Azərbaycan həqiqətlərinin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Nəcəfov tədbir iştirakçılarını Xocalı soyqırımı nəticəsində şəhid olanları birdəqiqəlik sükutla yad etməyə dəvət edib.

Daha sonra Azərbaycan icmasının rəhbəri Vidadi Axundov çıxış edərək Xocalı soyqırımını törədənləri qınayıb.

Mərasim zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" kampaniyası çərçivəsində hazırlanmış internet saytın təqdimatı keçirilib.

Batumi Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru, professor Rostom Quntaişvili saytın fəaliyyəti və məqsədləri barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb və tədbir iştirakçılarını petisiyaya səs verilməsinə dəvət edib.

Tədbirdə "Xocalıya ədalət" musiqi klipi, "Lider" TV tərəfindən hazırlanmış "Vətən həsrəti, tükənməyən ümidlər" və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş "Dua" sənədli filmləri nümayiş etdirilib.

Xocalı soyqırımı ilə əlaqədar hazırlanmış press-reliz, "Xocalıya ədalət" musiqi klipinin CD-ləri və digər əyani vəsaitlər iştirakçılara təqdim olunub.

Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən fotosərgiyə baxış keçirilib.

Xəbər lenti

Xəbər lenti