...

Azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi təxribatdır - Elmar Məmmədyarov (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2011 15:01 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışığında doqquz yaşlı oğlanın erməni hərbçilər tərəfindən öldürülməsi ilə bağlı Azərbaycan tərəfinin narazılığını bildirib.
Azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi təxribatdır - Elmar Məmmədyarov (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər 14:39-da yayılıb)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışığında doqquz yaşlı oğlanın erməni hərbçilər tərəfindən öldürülməsi ilə bağlı Azərbaycan tərəfinin narazılığını bildirib.

"Azərbaycanın xaricidəki bütün diplomatik missiyaları akkreditə olduqları ölkələrin rəhbərlərini bu insident haqqında məlumatlandıracaqlar", - Trend-in məlumatına görə, mətbuat konfransında Azərbaycan XİN rəhbəri Məmmədyarov deyib.

"Bu, xoşagəlməz tendensiyadır. Doqquz yaşlı uşaq müharibədə iştirak etmir, bu təxribatçıların işidir", - Məmmədyarov qeyd edib.

Onun sözlərinə görə, Soçidə qəbul edilən bəyanata əsasən, hərbi insidentlərin baş verəcəyi təqdirdə araşdırılma aparılmalıdır.

"Mən həmsədrləri bu insidentlə bağlı məlumatlandırmışam və dünən Minsk qrupunun həmsədrləri prezidentlərin Soçidəki bəyanatlarına münasibət bildiriblər", - o, vurğulayıb.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri danışıqların yekunları üzrə Dağlıq Qarabağ nizamlaması üzrə birgə bəyannamə qəbul ediblər.

Sənəddə qeyd edildiyinə görə, liderlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyannamənin praktiki surətdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə prezidentlər qısa müddət ərzində hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılığa gəliblər.

Bundan başqa, sənəddə "bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti yaxınlığında mümkün insidentlərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə araşdırılmasının aparılması" səyləri qeyd edilir.

Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti