...

Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiqlər artırılmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2011 12:24 (UTC +04:00)
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana mütləq təzyiqlər artırılmalıdır.
Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiqlər artırılmalıdır

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana mütləq təzyiqlər artırılmalıdır. Bunu Trend-ə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Bütün diplomatik fəaliyyətin məhz nəticənin əldə olunmasına yönəldiyini deyən Həsənov bildirib ki, əgər bir nəticə olmayacaqsa, dünyanın indiki gərgin ictimai-siyasi, maliyyə vəziyyətində üç aparıcı ölkə neçə illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmazdı.

Onun sözlərinə görə, həmsədr ölkələr də nəticənin əldə olunmasında, Cənubi Qafqazda sülhün yaranmasında, dünya üçün əhəmiyyətli olan bu geostrateji məkanda xalqların dinc, mehriban qonşuluq şəraitində yaşamasında maraqlıdır.

"Bu da dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm bir amil rolunu oynayacaq. Nəticənin olması üçün isə Ermənistana mütləq təzyiqlər artırılmalıdır, bu ölkələr sözün həqiqi mənasında ciddi bir iradə nümayiş etdirməlidirlər", - PA rəsmisi vurğulayıb.

Ermənistanın indiki siyasətinə rəhbərlik edənlərin qeyri-ciddi insanlar olduğunu vurğulayan Həsənov, Ermənistanın rəsmi şəxslərinin çıxışlarını nümunə gətirərək müstəqil dövlətin prezidentinin, nazirlərinin bu formada mülahizələr irəli sürməsindən təəssüfləndiyini deyib.

"Onların çıxışları lağlağı, qeyri-ciddi fikirlərdən ibarətdir. Biz qeyri-ciddi bir ölkə ilə üz-üzəyik. Bu qeyri-ciddi siyasət yalnız Azərbaycana, işğal olunmuş ərazilərdəki əhaliyə ziyan gətirmir, bütün Ermənistan əhalisini girovluqda saxlayır. Erməni xalqı faktiki olaraq hərbi rejimin girovuna çevrilib, neçə illərdir regionun, dünyanın inkişafından təcrid olunub. Ermənilər bir militarist qrupun biznes maraqlarının girovunda saxlanılır. Onlara qarşı ciddi tədbirlər görülməsə, bu insanlardan hər şey gözləmək olar", - PA rəsmisi deyib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünə toxunan Həsənov qeyd edib ki, Ermənistan dezinformasiya siyasətinə əl ataraq guya Kazan görüşündə Azərbaycanın yenilənmiş Madrid prinsiplərinə yeni düzəlişlər irəli sürdüyünü və bunun nəticəsində danışıqların heç bir razılaşma əldə olunmadan başa çatdığını iddia edib.

Onun sözlərinə görə, Kazan görüşündə Ermənistan yenilənmiş Madrid prinsipləri əsasında ilkin sülh sazişinə dair sənədlərin imzalanmasına mane olub.

Münaqişənin həlli istiqamətində görüşlərin artması, müzakirələrin intensivləşməsi məsələsinə toxunan şöbə müdirinin sözlərinə görə, bu, münaqişənin həlli ilə bağlı yeni vəziyyətin yaranmasından xəbər verir.

"Bu onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bu məsələ dinamik şəkildə müzakirə olunan, dünyanın gündəminə gətirilən, həlli vacib hesab edilən məsələlər sırasına qaldırılıb. Yeni vəziyyət budur", - o deyib.

Yenilənmiş Madrid prinsiplərinə toxunan Həsənov qeyd edib ki, bu prinsipləri nə Ermənistan, nə də Azərbaycan qələbə kimi təqdim edə bilər.

"İstənilən halda qarşılıqlı güzəşt var. Azərbaycanın qarşılıqlı güzəşti Dağlıq Qarabağa keçid statusu verilməsindən ibarətdir. On illər sonra, normal sülh şəraitində Dağlıq Qarabağın daimi statusu müəyyən olunana qədər Azərbaycan ona keçid status verir. Yenilənmiş Madrid sənədi 4 əsas prinsipdən ibarətdir. Həmin prinsiplərin hamısı, əlbəttə ki, Azərbaycanı tam qane etmir. Münaqişənin həllinin Azərbaycanı tam qane etməsi üçün gərək Azərbaycan müharibəyə başlasın, işğal altında olan bütün əraziləri azad etsin və Ermənistanı bizi qane edən sülh sazişini imzalamağa məcbur etsin. İndiki şəraitdə isə bu, qeyri-mümkündür. Ona görə də biz konstruktiv bir mövqe nümayiş etdirərək qarşılıqlı güzəştlərə gedirik", - Əli Həsənov deyib.

Dağlıq Qarabağın gələcək statusu ilə bağlı məsələyə toxunan Həsənov bildirib ki, bunun üçün Dağlıq Qarabağ ətrafında sülh və əmin-amanlıq şəraitində yaşamaq təmin olunmalıdır, həm azərbaycanlılar, həm də digər vətəndaşlar öz yurdlarına qayıtmalıdır.

"Bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilə bilər. Belə bir ideya danışıqlar prosesində olub", - o qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti