...

Bahar Muradova: Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ATƏT PA-nın payız sessiyasının gündəliyinə daxil edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2011 16:49 (UTC +04:00)
Oktyabrın 7-11-də Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin vitse-spikeri, millət vəkili Bahar Muradova hakim Yeni azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında deyib.
Bahar Muradova: Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ATƏT PA-nın payız sessiyasının gündəliyinə daxil edilib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir T.Hacıyev/

Xorvatiyanın Dubrovnik şəhərində oktyabrın 7-11-də keçiriləcək ATƏT Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin vitse-spikeri, millət vəkili Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında deyib.

Muradova bildirib ki, Azərbaycan nümayəndə heyəti uzun müddət idi belə bir müzakirələrin keçirilməsi təşəbbüsləri ilə çıxış edirdi. Onun sözlərinə görə, ATƏT PA-nın hazırki sədri və qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş belə bir müzakirələrin təşkil olunmasına çalışacaqlarını bildirmişdilər.

"Onlar müzakirələrin payız sessiyasında keçirilməsinin mümkünlüyünü vurğulamışdılar. Artıq sessiyanın gündəliyi təsdiqlənib. Oktyabrın 7-dən 11-ə kimi Dubrovnikdə keçiriləcək payız sessiyasının ikinci günü-oktyabrın 8-də "Münaqişələrin həll olunmasında ATƏT-in rolu: Dağlıq Qarabağ problemi" mövzusunda müzakirələr keçiriləcək və bu müzakirələrdə ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi iştirak edəcək. Həmsədrlər bu müzakirələrdə məruzə ilə çıxış edəcəklər" - Muradova vurğulayıb.

Belə bir müzakirələrin keçirilməsinin çox vacib hadisə kimi dəyərləndirən Muradova qeyd edib ki, münaqişənin 56 ölkənin parlamentarilərinin diqqətində olması ciddi məsələdir. Vitse-spikerin fikrincə, istənilən beynəlxalq təşkilatda Dağlıq Qarabağ probleminin xüsusi məsələ kimi müzakirəyə çıxarılmasının çox böyük əhəmiyyəti var.

"Belə bir mötəbər beynəlxalq təşkilatda həmsədrlər məruzə ilə çıxış edəcək, Avropa parlamentariləri münaqişə ilə bağlı ilkin mənbədən məlumat alacaqlar. Həmsədrlər danışıqların hazırki vəziyyəti, prosesin perspektivləri ilə bağlı düşüncələri, tərəflərin mövqeləri haqqında parlamentarilərə məlumat verəcəklər. Müzakirələrin nəticəsi olaraq hansısa sənədin qəbul olunub-olunmayacağı hələ bəlli deyil. Amma əsas məsələ odur ki, bu problem müzakirəyə çıxarılır və müzakirələrin gedişində status-kvonun dəyişdirilməsinin vacibliyinin həmsədrlər tərəfindən ATƏT PA-nın tribunasından səsləndiriləcəyi gözlənilir. Təbii ki, Azərbaycan nümayəndə heyəti bu müzakirələrdə fəal iştirak edəcək və əsil həqiqətləri bu yüksək tribunadan bir daha bəyan edəcəklər" - Muradova qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti