...

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin uzadılmasına imkan yaradırlar - XİN rəsmisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2011 13:41 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda Dağlıq Qarabağ münaqişəsinin süni yollarla uzadılmasına əsl imkanlar yaradırlar.
Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin uzadılmasına imkan yaradırlar - XİN rəsmisi

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda Dağlıq Qarabağ münaqişəsinin süni yollarla uzadılmasına əsl imkanlar yaradırlar.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisdə GUAM PA ilə Baltik Assambleyasının (BA) "Sərhədlər üzərində əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransı çərçivəsində "Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik" mövzusunda tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik İdarəsinin 2-ci katibi Elçin Hüseynli deyib.

Onun sözlərinə görə, Minsk qrupunun üzərinə iyirmi ildir ciddi məsuliyyət düşməsinə baxmayaraq, onlar hələ də bunu hiss etmirlər.

"Çox təəssüf edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan beynəlxalq vasitəçilər olan ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək əvəzinə, bu münaqişənin süni yollarla uzadılmasına imkan yaradırlar", - Hüseynli qeyd edib.

Onun sözlərinə görə, həmsədrlər öz missiyalarının öhdəsindən layiqincə gəlmirlər və münaqişənin həll olunması prosesinə öz töhfələrini vermirlər. "Bu qəbulolunmaz haldır. Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində bu cür passivliyi qurumun Qafqazdakı nüfuzunu ciddi zərbə altına ala bilər", - 2-ci katib deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti