...

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimadın möhkəmləndirilməsi üzrə təkliflər təqdim ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2011 00:25 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 21-24-də baş tutan regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər barədə bir sıra təklif təqdim ediblər. Trend-in məlumatına görə, bu barədə həmsədrlərin bazar ertəsi yaydığı bəyanatda deyilir.
ATƏT-in Minsk qrupu həmsədrləri  Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimadın möhkəmləndirilməsi üzrə təkliflər təqdim ediblər

Azərbaycan, Bakı, 24 oktyabr / Trend /

ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 21-24-də baş tutan regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər barədə bir sıra təklif təqdim ediblər. Trend-in məlumatına görə, bu barədə həmsədrlərin bazar ertəsi yaydığı bəyanatda deyilir.

Səfər zamanı həmsədrlər münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində gələcək irəliləyişin mümkün olması üçün danışıqların atmosferini yaxşılaşdırması, etibarın möhkəmləndirilməsi və atəşkəs rejiminin həyata keçirilməsinin zərurətini vurğulayıblar, bəyanatda deyilir.

Bəyanatda deyilir ki, tərəflər təmas xətti boyunca insidentlərin araşdırılmasına dair apreldə həmsədrlər tərəfindən təklif olunan və Prezident İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin martda Soçidəki bəyanatında razılıqlarını bildirdiyi mexanizm layihəsi barədə prinsip etibarilə razılığa gəlmişlər.

Həmsədrlər İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Yerevan, Bakı və Azərbaycanın işğal olunmuş torpaqlarına səfər etmiş, prezidentlər İlham Əliyev və Serj Sarkisyanla, eləcə də Dağlıq Qarabağ separatçılarının liderləri ilə görüşmüşlər.

Həmsədrlər həmçinin bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə ayrı-ayrı görüşlər keçirmişlər. Görüşlərin məqsədi əhalinin ədalətli, davamlı və sülh yolu ilə nizamlamaya hazırlaşdırmağın zərurətini müzakirə etmək idi.

Oktyabrın 22-də isə həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini son 15 ay ərzində dördüncü dəfə piyada keçmişlər.

"Bu hadisə təmas xəttinin qonşu xalqlar arasında daimi baryer olmadığını bir daha üzə çıxarmış və tərəflərin istəyi olduğu təqdirdə hərbi əlaqələndirmənin mümkünlüyünü nümayiş etdirmişdir" deyə bəyanatda bildirilir.

Həmsədrlər noyabrın sonlarında regiona növbəti dəfə səfər edəcəklər. Bu səfərin məqsədi tərəflərlə yuxarıda göstərilən tədbirləri işləyib hazırlamaq və tərəflər arasında gələcək görüşlərə zəmin yaratmaq üçün növbəti addımların müəyyən edilməsi məqsədilə öz işlərini davam etdirməkdir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti