...

Dağlıq Qarabağın azərbaycanlı icması Minsk qrupunun həmsədri olan ölkələrdə danışıqlara başlayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2011 13:22 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrdə danışıqlar aparacaqlar.
Dağlıq Qarabağın azərbaycanlı icması Minsk qrupunun həmsədri olan ölkələrdə danışıqlara başlayacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrdə danışıqlar aparacaqlar. Bu barədə cümə axşamı Trend-ə "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin üzvü Fərhad Bədəlbəyli bildirib.

"Növbəti aylarda icma üzvləri Fransa, Rusiya və ABŞ-a səfər edəcəklər. Bu ölkələr ATƏT-in Minsk qrupunun həmsədrləri olduğu üçün orada Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyinin çatdırılması, onun tanıdılması vacibdir", - Bədəlbəyli bildirib.

İcma üzvü qeyd edib ki, istər ABŞ Konqresində, istər digər həmsədr ölkələrin parlamentlərində Dağlıq Qarabağın erməni icmasının nümayəndələri var.

"ABŞ Konqresində ermənilər "Artsax"ın 20 illiyini qeyd etdilər. Biz, çox təəssüflər olsun ki, onun qarşısını ala bilmədik. Biz gərək həmsədr ölkələrə səfərləri intensivləşdirək", - o deyib.

Bədəlbəyli, həmçinin noyabrın sonlarında icma üzvlərinin Almaniyaya səfər edəcəyini qeyd edib və bildirib ki, orada erməni icması ilə görüşün baş tutmasına çalışırlar.

"Biz hər zaman bu görüşləri istəyirik, təşəbbüslər irəli sürürük, erməni tərəfi isə qaçır", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti