Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir E.Mehdiyev/
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində siyasi resurslar tükənib. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu cümə günü Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə deyib.
Əhmədoğlu qeyd edib ki, böyük resurslar ortaya qoyulsa da, Kazan görüşü ciddi bir nəticə vermədi. Təşkilatçılar ortalığa mətni dəyişdirilmiş sənəd qoyduğundan, sənəd imzalanmadı.
"ATƏT-in Minsk qrupunun vasitəçiliyinin iflası başladı. "Status-kvo dərhal dəyişdirilməlidir", "status-kvonun dəyişdirilməməsi region üçün təhlükəlidir" tezisləri sloqana çevrildi. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünə, onların arasında dialoqun qurulmasına edilən cəhdlər nəticəsiz qaldı", - politoloq bildirib.
O, həmçinin deyib ki, ermənilər bu dialoqa razılıq vermir, ümumiyyətlə, icma bölgüsünü qəbul etmirlər.
"Ermənistanın ictimai şüuru DQ məsələsində təslimçilik və DQ-ni sövdələşmə predmeti kimi qəbul etmə istiqamətində dəyişilir. Erməni təhtəlşüuru DQ-ni özününküləşdirə bilmədi", - Əhmədoğlu deyib.
Politoloq bildirib ki, DQ-nin "rəhbərliyinə" qarşı etirazlar artır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.