...

Ermənistan müharibəni, Azərbaycan isə Dağlıq Qarabağ üzrə danışıqların uzadılmasını qəbul etmir – politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2012 15:56 (UTC +04:00)
Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə imitasiyanı, başqa sözlə, Dağlıq Qarabağ üzrə danışıqların uzadılmasını qəbul etmir.
Ermənistan müharibəni, Azərbaycan isə Dağlıq Qarabağ üzrə danışıqların uzadılmasını qəbul etmir – politoloq

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Mehdiyev/

Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə imitasiyanı, başqa sözlə, Dağlıq Qarabağ üzrə danışıqların uzadılmasını qəbul etmir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə deyib.

"Ona görə də tənzimləmənin real, praktiki başlanğıcı indiki vəziyyətdə bütün mübahisə və qeyri-müəyyənliklərin "panaseya"sıdır", - Əhmədoğlu qeyd edib.

Onun sözlərinə görə, rəsmi Yerevan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv mövqeyinin əhəmiyyətini azaltmaq istiqamətində fəaliyyətə başlayıb.

"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə imzalanmış müqavilənin bəndlərini baş-ayaq şərh etdi", - Əhmədoğlu bildirib.

Politoloqun sözlərinə görə, Soçi sənədində etimad tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı yayğın və ya ümumi halda göstərilmiş qoşunların təmas xəttindəki insidentlərin araşdırılmasını geniş şərh edən Nalbandyan, həmin sənəddə aşkar şəkildə göstərilmiş ziyalılar və ictimaiyyət nümayəndələrinin görüşünə dair bircə kəlmə də olsun şərh vermədi.

"Rəsmi Yerevan Soçi bəyanatını və Rusiyanın artan mövqeyini unutdurmaq məqsədilə, əvvəlki sənədlərdə səslənmiş "yalnız dinc yolu", "snayperlər geri çəkilməlidir" və sair kimi ifadələrdən istifadə etdi. Soçi bəyanatında bunlar yoxdur", - Əhmədoğlu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti