...

Azərbaycan Parlamentində Qarabağ haqqında qanunun qəbul olunması müzakirə edilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2012 16:14 (UTC +04:00)
Azərbaycan Milli Məclisində Qarabağ haqqında ayrıca qanunun qəbul olunması yenidən müzakirəyə çıxarılır.
Azərbaycan Parlamentində Qarabağ haqqında qanunun qəbul olunması müzakirə edilir

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisində Qarabağ haqqında ayrıca qanunun qəbul olunması yenidən müzakirəyə çıxarılır.

Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc çərşənbə axşamı Trend-ə bildirib ki, Azərbaycanda işğal olunmuş torpaqlarla bağlı vahid bir qanunun olduğu təqdirdə Qarabağdakı separatçı ermənilər hər hansı iqtisadi proqramlara qatıla bilməyəcəklər. Onun sözlərinə görə, bu, beynəlxalq təşkilatları da Dağlıq Qarabağa vəsait ayırmaqdan çəkindirəcək.

"Qarabağın erməni separatçıları müxtəlif xarici təşkilatlarla əlaqələr qururlar. Azərbaycan xarici səfirliklər vasitəsilə notalar, bəyanatlar göndərir. Konkret qanun qəbul olunduqdan sonra isə Qarabağın Azərbaycan ərazisi və onun suveren haqlarının şərtsiz olduğu nəzərə alınacaq, hər hansı xarici, iqtisadi və siyasi əlaqələrin qurulması tanınmayacaq", - o deyib.

Deputat qeyd edib ki, qanunda əks olunacaq müddəalara görə, istənilən qurumun Qarabağın ziyanına hər hansı müqavilə imzalaması qadağan ediləcək, Qarabağla bağlı hər hansı beynəlxalq və ya milli sənədlər qeyri-hüquqi elan ediləcək.

Oruc bildirib ki, çox vaxt müxtəlif xarici ölkə vətəndaşları, mədəniyyət və siyasi xadimlər, bəzən də parlament üzvləri Qarabağa səfərlər edirlər. Onların adı yalnız Xarici İşlər Nazirliyində hazırlanmış "qara siyahı"ya daxil olur, halbuki, bunun qanun səviyyəsində reallaşdırılması mümkündür.

Milli Məclisin digər deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev də çərşənbə axşamı Trend-ə bildirib ki, o da Qarabağla bağlı analoji qanun layihəsini artıq hazırlayıb.

Həsənquliyev bu məsələni dəfələrlə parlamentin ötən sessiyalarında qaldırdığını deyərək işğal olunmuş torpaqlarla bağlı qanunun qəbulunun çox vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırlanmış qanun layihəsi aprel ayı ərzində təmsil olunduğu komitəyə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti