...

Macarıstanın nüfuzlu qəzetində Şuşanın işğalının 20 illiyi münasibətilə məqalə dərc edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 May 2012 16:46 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri tərəfindən Şuşanın işğalının 20 illiyi münasibətilə Macarıstanın "Nepsava" qəzetinin 9 may 2012-ci il sayında "Qarabağ münaqişəsinin öləziyən alovları" adlı məqalə dərc edilib.
Macarıstanın nüfuzlu qəzetində Şuşanın işğalının 20 illiyi münasibətilə məqalə dərc edilib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir S.Ağayeva/

Ermənistan silahlı qüvvələri tərəfindən Şuşanın işğalının 20 illiyi münasibətilə Macarıstanın "Nepsava" qəzetinin 9 may 2012-ci il sayında "Qarabağ münaqişəsinin öləziyən alovları" adlı məqalə dərc edilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, yazının müəllifi, tanınmış jurnalist və publisist Ferens Kepeç ötən il Macarıstan mediasının təmsilçiləri ilə birlikdə Azərbaycanda olub, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri və köçkünlərin həyat şəraiti ilə yerində tanışlıq imkanı qazanıb.

Məqalədə Şuşanın əsasının azərbaycanlılar tərəfindən qoyulmasından, 200 ildən artıq bir dövr ərzində bu şəhərin zəngin mədəniyyət beşiyi və "Qafqazın konservatoriyası" kimi tanınmasından bəhs edilir, regionun mühüm maddi mədəniyyət abidəsi kimi 1985-ci ildə qoruq elan olunan Şuşanın ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasından söz açılır. Müəllif 1992-ci ilin mayında şəhər əhalisinin 90 faizindən çoxunu təşkil edən azərbaycanlıların öz doğma yurdlarını tərk etmələrinin səbəbini açıqlayarkən göstərir ki, əgər onlar Şuşada qalsaydılar, erməni vandalların əli ilə bu şəhərdə ikinci Xocalı soyqırımı təkrarlana bilərdi.

Kepeç yalnız Şuşanın deyil, daha 7 Azərbaycan rayonunun da erməni işğalı altında qaldığını yazır. Sürətlə inkişaf edən, maddi və insan resursları baxımından işğalçı Ermənistanı qat-qat üstələyən Azərbaycanın nə üçün torpaqlarını hərbi yolla azad etməməsi sualına cavab axtaran müəllifin fikrincə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulması, habelə Rusiya faktoru bu məsələdə ölkəmizin həlledici addım atmasının qarşısını alan əsas maneələrdir.

Müəllif Azərbaycan ərazilərini işğal edən Ermənistan silahlı qüvvələrinin yalnız bizim hərbçilərə deyil, dinc əhaliyə qarşı da snayper müharibəsi apardığını, hətta kiçik yaşlı uşaqları öldürməkdən də çəkinmədiklərini yazır, fikirlərini əsaslandırmaq üçün təkcə ötən il erməni terrorunun qurbanı olmuş 9 yaşlı Fariz Bədəlovun və 13 yaşlı Aygün Şahmalıyevanın faciəli taleyini xatırladır.

20 ildən bəri işğal altında olmasına baxmayaraq, Şuşanın Azərbaycan xalqının tarixi yaddaşında möhkəm yer tutması fikri məqalədə xüsusi olaraq vurğulanır. Qəzetdə Şuşadakı məşhur "Gövhər Ağa" məscidinin yarıdağılmış vəziyyətdə olan minarələrinin təsviri də verilib.

Xəbər lenti

Xəbər lenti