...

Mübariz Əhmədoğlu: Öz prezidentinin imzasını rədd edən Ceymus Uorlikin ABŞ adından həmsədrlik etməyə hüquqi və siyasi haqqı yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2014 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Karneqi Fondunda Dağlıq Qarabağ tənzimlənməsinə dair "Amerika variantı"nı açıqladı. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, C.Uorlikin "Amerika variantı" adlandırdığı bu variant ATƏT MQ həmsədrlərinin 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində G-8 sammitində ATƏT MQ həmsədr ölkələrinin prezidentlərinin qəbul etdiyi və elə həmin gün ABŞ Pprezidentinin mətbuat xidməti tərəfindən yayılmış sənəddən (http://www.whitehouse.gov/the_press_office/Joint-Statement-on-the-Nagorno-Karabakh-Conflict) prinsipial fərqlidir.

M.Əhmədoğlu bildirib ki, Rusiya və Fransa prezidentlərinin də imzaladığı Akvil sənədində birinci maddə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasından ibarətdir: "C.Uorlikin "Amerikan variantı"nda isə birinci maddə Dağlıq Qarabağın statusunun müəyyən olunmasında qarşılıqlı razılığın əldə olunmasından ibarətdir. İkinci maddə indi Dağlıq Qarabağda yaşayan ermənilərə aralıq statusun verilməsindən ibarətdir. Aralıq status təhlükəsizlik və özünüidarə təminatından ibarətdir. Yalnız üçüncü maddə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur".

Politoloq bildirib ki, məhz bu fərq son 5 ildə Ermənistan tərəfindən Böyük Sülh Sazişinin hazırlanmaması üçün bəhanə kimi göstərilir.

M.Əhmədoğlunun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "6 maddəlik sənəd" dedikdə görünür, "amerikan variantı"nı nəzərdə tutur: "C.Uorlikin bu sənədə yanaşması amerikan diplomatiyası üçün orijinal deyil. Sabiq amerikalı həmsədr Robert Bradtke yeni təyin olunduqdan az sonra BBC radiosuna verdiyi müsahibədə eynilə bu mövqeni təqdim etdi: Əvvəlcə status razılaşdırılmalı, sonra ətraf ərazilər Azərbaycana qaytarılmalıdır. Üç prezidentin imzaladığı və ABŞ Prezidentinin mətbuat xidmətinin yaydığı sənəddə isə əvvəlcə ətraf ərazilər qaytarılır, sonra status müəyyən olunur".

M.Əhmədoğlunun fikrincə, ABŞ Dövlət Departamentinin C.Uorlikin Karnegi Fondundakı çıxışını dəstəkləməsi göstərir ki, bu, ABŞ Dövlət Departamentində də müəyyən bir qrupun mövqeyidir.

Politoloq əlavə edib ki, ABŞ Dövlət Departamentində Cənubi Qafqazı kurasiya edən Mari Yovanoviç Ermənistanda səfir işləyərkən yenicə prezident olmuş Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsini tənzimləmək fikrindən daşındırdı: "1 mart gülləbaranını unutdurmaq üçün S.Sarkisyan Qarabağ tənzimləməsinə hazır idi. Birinci prezident Levon Ter-Petrosyanın müşaviri J.Liparityan da etiraf edir ki, Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyən L.Ter-Petrosyanı ABŞ devirdi. Bu işdə ABŞ Dövlət katibinin indiki və o zamankı köməkçisi Viktoriya Nulandın müstəsna rolu olub. Ona görə müəyyən bir qrupdur ki, ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsi haqqında rəsmi mövqeyi bəllidir. Bu mövqedə Dağlıq Qarabağla ətraf ərazilərin statusu eynidir: "Dağlıq Qarabağ və Azərbaycanın qalan yeddi rayonu ermənilərin nəzarətindədir".

M.Əhmədoğlu hesab edir ki, bu aydın göstərir ki, C.Uorlik və ABŞ Dövlət Departamentində də müəyyən bir qrup Prezident Barak Obamaya deyil, ABŞ-dakı erməni icmasına xidmət edir. ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirləri də Dağlıq Qarabağın ərazisi ilə ətraf rayonların ərazisinin statusunu fərqləndirməyə başlayıblar".

Politoloq qeyd edib ki, C.Uorlik, eləcə də ABŞ-ın Ermənistandakı səfiri Dağlıq Qarabağın ətrafındakı torpaqları işğal olunmuş ərazilər adlandırmaqla həqiqəti deyirlər. Amma bunun əvəzində Dağlıq Qarabağ ərazisinin statusunun ətraf ərazilərin statusundan fərqliliyini gündəliyə gətirirlər: "Azərbaycan üçün həm Dağlıq Qarabağın ərazisi, həm də ətraf rayonların ərazisi Ermənistan tərəfindən işğal olunub. İndi dövlət müstəqilliyini qoruyub saxlaya bilməyən Ermənistanın Azərbaycan torpaqlarını təkbaşına işğal etməsi mümkün deyil. C.Uorlikin "amerikan variantı" 1991-ci ildə Dağlıq Qarabağ ermənilərinin keçirdiyi referendumu siyasi əsas kimi qəbul edir. Bu isə ermənipərəst yanaşmadır. Çünki 1991-ci il dekabr referendumu azərbaycanlıların deportasiyasından sonra keçirildi və buna görə də legitim sayıla bilməz. Uorlik Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Dağlıq Qarabağdan qovulan azərbaycanlıların roluna və iştirakına dair heç bir münasibət bildirmir. Amerika diplomatlarının yadına salaq ki, bu mövzuya hətta Serj Sarkisyan münasibət bildirib və Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Dağlıq Qarabağ azərbaycanlılarının iştirakına razıdır. Amma burada ermənivari hiylə var: Dağlıq Qarabağ azərbaycanlıları indi yaşadıqları ərazidə səs verməlidirlər və əgər Dağlıq Qarabağ ermənilərinin də iştirak etdiyi səsvermədə status Azərbaycanın tərkibində müəyyənləşərsə, o zaman Dağlıq Qarabağ azərbaycanlıları qayıdıb Dağlıq Qarabağda yaşaya bilərlər".

Politoloqun sözlərinə görə, S.Sarkisyanın hiyləsi çox sadə hesab üzərində qurulub: "1988-ci ilin rəqəmlərinə görə Dağlıq Qarabağda əhalinin 2/3 erməni, 1/3 isə azərbaycanlı olub. Referendum sadə səsvermə yolu ilə keçiriləcək. Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağ ermənilərinin mövqeyinə təsir etmək imkanı olmadığı üçün onların mövqeyində dəyişiklik yarada bilməyəcək. Beləliklə sadə səs çoxluğu ilə Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağın müstəqilliyinə və ya Ermənistanın tərkibinə birləşdirilməsinin lehinə səs verəcəklər. Azərbaycanlıların bu referendumda iştirakı isə həmin referendumu legitimləşdirəcəkdir. C.Uorlik təqdim etdiyi 6 maddənin ardıcıllığının düzülüşünü şərti hesab edir. Əgər doğrudan da bu şərtidirsə o halda nə üçün C.Uorlik öz prezidentinin imzaladığı sənəddəki ardıcıllığı "amerikan variantı" kimi təqdim etmir?! Dağlıq Qarabağ münaqişəsinin 27-ci ilində ABŞ diplomatlarının belə cəsarətsizliyi yalnız ermənipərəstliyin nəticəsi kimi dəyərləndirilə bilər".

M.Əhmədoğlu hesab edir ki, C.Uorlikin təqdim etdiyi "amerikan variantı" ermənilərin "status əvəzinə ərazi" variantının ABŞ-ın adından təqdim edilməsi deməkdir: "Uorlikin təqdim etdiyi "amerikan variantı" havadarlarının köməyilə ermənilərin apardığı işğalçı müharibənin nəticəsinin müqəddəsləşdirilməsinə yönəlib. C.Uorlikin təqdim etdiyi "amerikan variantı" göstərir ki, amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız erməni versiyasını bilir. C.Uorlikin Dağlıq Qarabağı mürəkkəb tarixli hesab etməsi məlumatsızlıqdan və ya ermənilərin təbliğatının təsiri altına düşməkdən yaranan fikirdir. Dağlıq Qarabağ əzəli əbədi Azərbaycan torpağıdır. Çar Rusiyası ilə İran arasındakı gedən müharibədə Çar Rusiyası tərəfindən işğal olunan torpaqlar sırasında olub və sonradan Rusiyanın İrandakı səfiri A.Qriboyedov İrandakı ermənilərin bir qismini Qarabağ və İrəvan xanlıqlarının ərazisinə köçürüb".

Politoloq əlavə edib ki, ermənilər ən azı 3 min il yaşı olan "Qarabağ" toponimini qəbul etmirlər, onu "Artsax" termini ilə əvəzləməyə külli miqdarda siyasi və maliyyə resursu xərcləyirlər: "Bu elə hər şeyi deyir. Amerikanın Ermənistandakı səfirinin status-kvonun dəyişilməsinin zəruriliyi və Dağlıq Qarabağ ətrafındakı torpaqların işğal edilməsi ilə bağlı indi səsləndirdiyi fikirlər isə gecikmiş addımlardır. C.Heffern Ermənistan hakimiyyətinə təsir etmək mexanizminə malik diplomatdır. O, Azərbaycanın Ermənistana ucuz qaz vermək təklifini dəstəkləsə idi bəlkə də bütövlükdə regionda proseslər indikindən fərqli istiqamətdə gedərdi".

M.Əhmədoğlu hesab edir ki, C.Uorlikin Karnegi fondunda "amerikan variantını" təqdim etməsinin faydalı tərəfləri də var: "Bu, aktivlik yaratdı. Ermənilər aktiv və narahat şəkildə C.Uorlikin amerikan variantını müzakirə edirlər. Paradoks olsa da, onlar (E.Nalbandyandan başqa) C.Uorlikin təqdim etdiyi variantda maddələrin düzülüş ardıcıllığının ermənilərin istəyinə uyğun dəyişdiyini görmürlər. Ermənilərin fikrincə, C.Uorlik ətraf rayonların Azərbaycana qaytarılmasını təklif edir, əvəzində gələcəkdə statusun qeyri-müəyyən şərtlər əsasında müəyyənləşməsini təklif edir. Dağlıq Qarabağın ətrafındakı əraziləri işğal olunmuş ərazilər adlandırması da ermənilərdə ciddi narahatlıq yaradıb. Eləcə də, ABŞ-ın bu aktivliyi çox böyük ehtimalla Rusiyanın da Dağlıq Qarabağ tənzimlənməsində aktivləşməsinə gətirib çıxaracaqdır.

Amerikalı həmsədr C.Uorlik İQ rəqəmi aşağı olan, narsizm xəstəliynə mübtəla amerikan diplomatıdır. İş burasındadır ki, o tək deyil. Öz prezidentinin imzasına hörmət etməyən C.Uorlikin ABŞ adından həmsədrlik etməyə hüquqi və siyasi əsası yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti