Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) kütləvi informasiya vasitələrində Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürüldüyü qeyd edilən azərbaycanlılarla bağlı tərəflərlə dialoqu davam etdirir. Bunu Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
İ.Hüseynova Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun BQXK haqqında bildirdiyi sərt fikirlərə isə belə münasibət bildirib: "Biz rəsmilərin fikirlərini şərh etmirik".
Qeyd edək ki, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinə ciddi xəbərdarlıq edildiyini deyib: "Kəlbəcərdə girov götürülənlərlə qısa müddətdə görüş alınmasa, BQXK-nın Azərbaycandakı nümayəndəliyi haqqında çox ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər".
Ə.Həsənov bildirib ki, Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bir həftə ərzində görüşün alınmaması BQXK-nın fəaliyyətini şübhə altına alır: "Azərbaycan tərəfinə əsir düşənlərin, girov olanların hansına işgəncə verilib? Nə üçün Azərbaycan tərəfinə bir erməni girov düşən kimi BQXK Azərbaycan hökumətinə müraciət edir və dərhal görüş təmin edilir. Ermənistan tərəfi nə üçün etmir? Ona görə də mən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşdə ciddi xəbərdarlıq etdim ki, əgər buna nail olmasalar, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi haqqında çox ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər. Zəhmət çəkib tədbir görsünlər".
Xatırlaqdaq ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də Ermənisttan erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürüldüyü, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb. Qeyd edilir ki, azərbaycanlılar zərərsizləşdirilərkən bir erməni zabiti ölüb, onun həyat yoldaşı isə yaralanıb.
Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova daha öncə Trend-ə deyib ki, Ermənistan hərbçiləri tərəfindən 2 nəfərin girov götürülməsi və bir nəfərin öldürülməsi ilə bağlı kütləvi informasiya vasitələrində haqqında məlumat yayılan azərbaycanlı şəxslərin ailələri rəsmən BQXK-a müraciət ediblər.
Bundan daha öncə BQXK bəyan etmişdi ki, Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər. Onun sözlərinə görə, Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.
Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir. Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddialaraına baxmayaraq, bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.