Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Elçin Mehdiyev/
"Soçi görüşünü yüksək dəyərləndirirəm, çünki hər halda ikitərəfli, üçtərəfli görüşlərin əhəmiyyəti var". Bunu Trend-ə millət vəkili Nizami Cəfərov Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə münasibət bildirərkən deyib.
N.Cəfərov qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktdır və bunu Azərbaycan Prezidenti İlham Əliyev görüş zamanı bir daha çox aydın şəkildə söylədi: "Ermənistan bu fakt qarşısında cavab verə bilmədi, çünki Ermənistanın heç bir arqumenti yoxdur. Sadəcə həmişə olduğu kimi, yenə yalan danışmaqla qeyri-konstruktiv mövqeyində qaldı".
Bütün dünyanın işğal faktını pislədiyini deyən millət vəkili bildirib ki, vəziyyət 20 il bundan əvvəlkindən xeyli fərqlidir: "Azərbaycanın bütün spektrlərdə inkişafı, Ermənistanın isə geriləməsi vardır, yəni olduqca qeyri-normal bir təzad yaranıb. Ermənistan Azərbaycanın ərazisini işğal edib. Yəni bütün spektrlərdə inkişafdan bu qədər geri qalasan, amma Azərbaycan torpaqlarını işğal edəsən. Artıq bu vəziyyətə Azərbaycanın dözmək imkanı yoxdur".
N.Cəfərov əlavə edib ki, burada Rusiyanın da rolu böyükdür və Rusiya Azərbaycanın dostudur: "Bu gün dünyada belə bir fikir yayılıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın əlindədir. Rusiyanın əlindədirsə, Rusiya bunu həll etməlidir. Çünki burada bütün parametrlərdə Azərbaycanın mövqeyi haqlıdır. Ümid edirik ki, Rusiya həqiqətən Azərbaycanın dostudursa, yaxın qonşuluq münasibətlərini nəzərə alırsa, münaqişəni həll etməlidir. Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin də bildirdi ki, insan ölümünə yol vermək olmaz, heç kim məsələnin insan ölümü ilə həll edilməsini istəmir".