...

Mübariz Əhmədoğlu: Soçi görüşü vasitəçilər arasında geosiyasi ziddiyyətləri üzə çıxardı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Avqust 2014 12:33
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşü vasitəçilər arasında geosiyasi ziddiyyətləri üzə çıxardı. Bütün prizmalardan Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni mərhələdir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Soçi görüşü vasitəçilər arasında geosiyasi ziddiyyətləri üzə çıxardı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşü vasitəçilər arasında geosiyasi ziddiyyətləri üzə çıxardı. Bütün prizmalardan Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni mərhələdir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, əvvəla, prezidentliyinin ikinci dövrünə yenicə başlamış V.Putin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən istifadə edərək regiona və dünyaya öz mesajını vermək niyyətindədir: "Tam inamla demək olar ki, V.Putin özünün zəif görünməsinə imkan verməyəcək. İkincisi, V.Putini bu təşəbbüsü irəli sürməyə vadar edən əsas amil hərbi faktordur. Dağlıq Qarabağ münaqişəsi regionundakı hərbi aktivlik istənilən anda müharibəyə çevrilə bilər. Dağlıq Qarabağda başlanan müharibəni maraqlı tərəflər qısa müddət ərzində Şimali Qafqaz regionuna keçirə bilərlər. Bu isə Rusiya üçün çox ağır zərbə ola bilər. Hətta Rusiya Ukrayna və Suriyadan geri çəkilməyə məcbur ola bilər. Ona görə də Dağlıq Qarabağ münaqişəsi regionunda son hərbi insidentlər V.Putinə Qərbin marağı kimi göründü və dərhal təşəbbüs irəli sürdü".

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi insidentlərin artmasının səbəbkarı yalnız Ermənistandır. Ermənistan qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmır: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə imkan vermir. Ermənistanda başa düşürlər ki, Azərbaycanın və Ermənistanın hərbi gücləri arasındakı ən minimal fərq məhz indidir. Zaman keçdikcə bu fərq Azərbaycanın xeyrinə daha da artacaq, ona görə də Ermənistan hərb meydanında özünü göstərmək istəyirsə, bunu indi etməlidir, bir azdan çox gec olacaq; digər tərəfdən, Ermənistanın ABŞ və NATO ilə hərbi əlaqələrinin pik dövrüdür".

Onun fikrincə, bu əlaqələrin pik dövrü bir sıra proseslərlə xarakterizə olunur: "KTMT üzvü olmasına baxmayaraq, Ermənistanın Müdafiə Nazirliyi KTMT-nin NATO ilə əlaqələri dayandırmaq çağırışına məhəl qoymadı, əksinə, NATO ilə hərbi əlaqələr daha da intensivləşdi. ABŞ-ın müxtəlif ştatlarının Ermənistana və Ermənistan hərbçilərinin ABŞ ştatlarına hərbi səfərləri baş tutdu. ABŞ və Böyük Britaniyanın hərbi təlimatçıları Ermənistanda serjant məktəbinin fəaliyyətinə lazımi istiqamətlər verdilər. Ermənistan müdafiə nazirinin müavini D.Tonoyan ABŞ-a səfər etdi. Dövlət Departamentində, Ağ Evdə və BMT-də nazir müavini statusundan xeyli üstün səviyyədə görüşlər keçirdi. Ermənistanın Müdafiə Nazirliyi Fövqəladə Hallar Nazirliyini öz nəzarətinə keçirməklə faktiki olaraq Ermənistanın bütün hərbiləşdirilmiş qruplaşmalarını öz monopoliyasına götürdü. Ermənistanın Fövqəladə Hallar Nazirliyi ABŞ vasitəsilə gücləndirilmiş yarım hərbi strukturdur".

M.Əhmədoğlu hesab edir ki, Ermənistanda proseslərin tam hərbi rels üzrə qoyulması göz qabağındadır. Onun sözlərinə görə, Ermənistan ətraf aləmə iqtisadi və siyasi deyil, məhz hərb gözü ilə baxır. Hərbçi kimi analiz edir və hərbçi kimi cavab verir.

Politoloq bildirib ki, ABŞ ilə Ermənistan arasında artan hərbi əlaqələr fonunda hərbi insidentlərin artması Rusiyanı narahat etməli idi, lakin hərbi əlaqələrin artması tək səbəb deyildi: "ABŞ-ın Ermənistandakı səfiri Ermənistan hökumətini ABŞ-ın qəbul etdiyi anti-Rusiya sanksiyalara qoşulmağa çağırdı. ABŞ-ın Ermənistandakı səfiri həmsədrlərin Soçi görüşündə iştirak edə bilməyəcəyini bildirdi, bununla da Soçi görüşünü boykot etməyə çalışdı. Amerikalı həmsədr Ceyms Uorlik və ABŞ-ın Ermənistandakı səfiri C.Hefferin rəsmi açıqlamalarında Rusiyanın rolunu alçaltmaq kursu götürdülər. Nəticədə həmsədrlər həqiqətən Soçi görüşünə qatılmadı".

M.Əhmədoğlu vurğulayıb ki, Digər mühüm proses isə prezidentlərin üçtərəfli görüşündə baş verdi. Onun sözlərinə görə, V.Putin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın xüsusi rola malik olmasını təklif etdi: "Azərbaycan V.Putinin bu təklifini qəbul etdiyi halda Ermənistan rədd etdi. ABŞ və Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi predmeti üzrə kəskin ziddiyyətlər göz qabağındadır. Bunu gizlətmək mümkün deyil. İki vasitəçi arasında ziddiyyət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin aktiv mexanizmlərindən biri olacaq. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ən böyük mexanizm Azərbaycanın fəaliyyətidir. Heç kim Azərbaycanın qarşısını ala bilməz. Yaranmış geosiyasi ziddiyyət qısa müddətdən sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycana əlavə resurs yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti