...

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Bakının Nizami rayonunda sərgi-tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2015 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend/

Nizami rayonunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar "Xocalı - yaddaşlardan silinməyən qanlı iz: şagirdlərin gözü ilə" mövzusunda sərgi-tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə eyni mövzuda elan edilmiş rəsm sərgisinin qaliblərinin əl işlərinə tamaşa ediblər.

Akt zalında davam edən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Xocalı həqiqətlərini əks etdirən videofilm nümayiş etdirilib.

Sonra çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova erməni daşnaklarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri qətliamlardan, 23 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri soyqırımından danışıb. Qeyd edib ki, həmin gün 366-cı motoatıcı alayın çoxsaylı ağır texnikası şəhərə yeridilib, Xocalı tamamilə məhv edilib, yaşlı, qadın, uşaq olmaqla 613 nəfər qətlə yetirilib.

"Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinin sədri Kəmalə Məmmədova bildirib ki, Xocalı şəhərində baş verənlər Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Həmin gün insan qanına susamış erməni cəlladları bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər.

Çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov Xocalı soyqırımının dünyaya çatdırılmasında və tanıdılmasında ümummilli lider Heydər Əliyevin, Onun siyasi varisi Prezident İlham Əliyevin, həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gərgin fəaliyyətlərindən bəhs edib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri, 32 saylı məktəbin direktoru Sevda Abdullayeva, "Tərəqqi" SİAİB-nin sədri İndira Şəmsivari və başqaları diqqətə çatdırıblar ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarla çıxış etməsi Azərbaycan ərazilərinin işğalı, minlərlə dinc azərbaycanlının qətlə yetirilməsi və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı çoxsaylı qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan hələ də həmin qərarları icra etmir. Bu gün dünya artıq Xocalı soyqırımı haqqında həqiqətlərlə tanış olur və bir sıra ölkələrin qanunverici orqanları bu faciəyə hüquqi və siyasi qiymət verib.

Tədbirin sonunda Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən "Xocalı - yaddaşlardan silinməyən qanlı iz: şagirdlərin gözü ilə" mövzusunda rəsm müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti