Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Rusiyanın xarici işlər naziri Serqey Lavrov ötən ilin avqustunda Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən sonra bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibət bildirib. Üç dəfə ermənistanlı həmkarı Edvard Nalbandyanla müxtəlif tədbirlərdə görüşüb və ən nəhayət E.Nalbandyanı Moskvaya dəvət edib". Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, müxtəlif dövlətləri təmsil etmələrinə baxmayaraq, miliyyətcə erməni olan hər iki nazirin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibətdə üst-üstə düşən məqamlar hədsiz çoxdur, bəlkə də eynidir:
"Nazirlərin fikirlərindəki fərq mövqelərin mahiyyətində deyil, təqdimat formasındadır. Dağlıq Qarabağ münaqişəsinin hərb variantını hər iki nazir xüsusi emosionallıqla inkar edirlər. Münaqişənin tənzimlənməsində Ermənistanın mövqeyinin ana xətti budur: Ermənistan dinc danışıqlar vasitəsilə tənzimləməyə razılıq verməyəcək. ATƏT-in Minsk Qrupunun konsensus mexanizmi buna şərait yaradır. Hərbi variant Ermənistanın tənzimləməmək mövqeyinə ciddi təhlükədir. Onu da inkar edirlər. Reallıq isə tamam fərqlidir. Hərbi variantın əleyhinə müxtəlif geosiyasi mərkəzlərdən bəyanatlar səsləndirilsə də, Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyət hərbin prioritetliyinə doğru dəyişir: insidentlərin sayı artır, erməni tərəfdən itkilərin sayı daha da çoxalıb, istifadə olunan silahların çapı böyüyür".
M.Əhmədoğlunun sözlərinə görə, son vaxtlar hər iki nazirin mövqeyində başqa oxşar cəhət də peyda olub: "Xarici işlər nazirləri Rusiya prezidenti Vladimir Putinin ötən ilin avqustunda Soçi görüşündə ortaya qoyduqları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın xüsusi statusu barədə təklifini inkar edirlər. Bu, unutma təsadüfi deyil. V.Putinin bu təklifini Azərbaycan tərəfi dərhal qəbul etdi. Belə ki, Azərbaycana Dağlıq Qarabağ münaqişəsini tənzimləmək lazımdır. V.Putinin təklifi Dağlıq Qarabağ münaqişəsini tənzimləyə bilərdi. Ermənistan prezidenti Serj Sərkisyan Soçidə V.Putinin yanındaca onun təklifini rədd etdi. Görünür, S.Lavrov və E.Nalbandyan üçün Ermənistan prezidentini mövqeyi daha prioritetdir. Hər iki nazirin erməni prezidentinin mövqeyini prioritet hesab etməsi başa düşüləndir. E.Nalbandyan Ermənistanın xarici işlər naziridir, S.Lavrov isə mənşəcə ermənidir. Ona görə də S.Lavrov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi dönüş yaradan ideyaları dəstəkləyə bilməz".
Politoloqun fikrincə, məlumdur ki, Rusiya Federal Gömrük Xidmətinin rəhbəri A.Belyaninov Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan gömrükçülərinin Tbilisidə keçirilməsi nəzərdə tutulan toplantısı da məhz Rusiya XİN-in fəaliyyəti nəticəsində baş tutmadı.
Onun sözlərinə görə, Rusiyanın AİB üzvü Ermənistana alternativ kommunikasiya variantı axtarır:
"Gürcüstan vasitəsilə qurulan kommunikasiyaları Rusiya etibarlı hesab etmir. A.Belyaninov Azərbaycan və Ermənistanın iştirakı ilə bu məsələni müzakirəyə çıxarmaqla SSRİ dövründə fəaliyyət göstərmiş Moskva-Bakı-Yerevan dəmiryolu marşrutunun fəaliyyətə başlamasını aktuallaşdırmalı idi. Adı çəkilən dəmiryolu marşrutunun fəaliyyətə başlaması Azərbaycanın işğal olunmuş yeddi rayonunun geri qaytarılmasını diktə edir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində geri dönməz dönüş yarada bilərdi. Ona görə də Rusiya XİN-nin təzyiqi ilə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Tbilisidəki toplantıdan imtina etdi".
M.Əhmədoğlu əlavə edib ki, qərb ölkələrinə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi çox faydalıdır: "Bu münaqişənin tənzimlənməmiş qalması Rusiyanın gücsüzlüyünün ən bariz əlamətlərindən biridir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Rusiyanı alçaltma metodlarından biridir. S.Lavrov və E.Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneəçilik törətməklə məhz Qərbin Rusiyanı alçaltma strategiyasına əməl edirlər".