Bakı. Trend:
Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçunun yaralanması barədə məlumatlar yayılıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) Trendə verilən məlumata görə, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyildir və reallığı əks etdirmir:
"Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz ER-nın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınmış, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub".