Bakı. Trend:
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 27 il ötür.
Trend-in məlumatına görə, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub.
Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə təqribən 70 min olan Kəlbəcər rayonunun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edildi, lakin həmin qətnamələr də kağız parçası olaraq qalır.