...

Aydın Mirzəzadə: "Leo Platvoyetin əsir və itkinlərlə bağlı məruzəsi balanslı olacaqsa, əsil həqiqəti əks etdirməyəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2006 17:15 (UTC +04:00)

"Əgər Leo Platvoyet əsir götürülmüş, itkin düşmüş şəxslərlə bağlı məruzəsində balansı qorumağa çalışacaqsa, o zaman məruzəsi obyektivlikdən uzaq olacaq". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə bildirib.

Qeyd edək ki, AŞPA-nın məruzəçisi Leo Platvoyet Trend ə müsahibəsində bildirib ki, Azərbaycan, Gürcüstan və Ermənistanda əsir düşmüş, girov götürülmüş şəxslərlə bağlı məruzəsini bu ilin sonu-gələn ilin əvvəllərinədək hazırlayacaq. O, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan əsir düşmüş, girov götürülmüş şəxslərin axtarışını qarşılıqlı şəklində həyata keçirməlidirlər.

Aydın Mirzəzadə bildirib ki, Azərbaycan tərəfi vətəndaşların qarşılıqlı şəkildə axtarılmasına etiraz etmir: "Lakin mən ermənilərin gəlib Azərbaycanda axtarışlar aparmasında səmərə görmürəm. İtkin düşmüş, əsir götürülmüş şəxslərlə işləyən məruzəçilər birbaşa müvafiq dövlət qurumları ilə sıx əlaqədə olmalıdırlar. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində belə bir Dövlət Komissiyası var və Leo Platvoyet həmin qurumla işləməlidir". Millət vəkili qeyd edib ki, L.Platvoyetin məruzəsi yalnız rəqəmlər göstərməkdən ibarət olacaqsa, Ermənistan-Azərbaycan arasında tərəfsizliyi qoruyub saxlamaq üçün balanslı və formal xarakterli məzurə hazırlanacaqsa, onda bu sənəd əsil reallığı əks etdirməyəcək. Çünki vətəndaşların əsir götürülməsi, itkin düşməsi məhz Ermənistanın Azərbaycana təcavüzü nəticəsində baş verib və azərbaycanlılar yaşayan ərazilər işğal edilib.

Xəbər lenti

Xəbər lenti