...

Qarabağ Partizanlarının Hüquqlarını Müdafiə Komitəsi aclıq aksiyası və piketlərə başlayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2006 16:39 (UTC +04:00)

Oktyabrın 27-də Qarabağ Azadlıq Təşkilatının (QAT) mərkəzi qərargahında Qarabağ partizanlarının Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

İclasda Azərbaycan prezidentinin son əfv fərmanında Qarabağ partizanlarının adlarının olmamasından narahatlıq bildirilib və bununla bağlı bəyanat qəbul edilib. Bəyanat müəllifləri bildirirlər ki, bu günə qədər Qarabağ partizanlarının, onların yaxınlarının müraciətlərinə diqqətlə yanaşılacağına, obyektiv araşdırılacağına ümidlə yanaşılırdı: "Üç il öncə bir qrup gənc vətənpərvərlik və düşmənə nifrət hissi ilə dəstə yaratmış və Qarabağa gedərək düşmənlərə qarşı partizan hərəkatına başlamağa cəhd göstərmişdilər. Lakin onlar həbs olunmuş və barələrində etdikləri hərəkətlərə uyğun gəlməyən cəzalar kəsilib. Onlardan birinə hətta ömürlük həbs cəzası, digərlərinə isə 5 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzaları verilib. Biz hesab edirik ki, onlara bu cəzaların verilməsi, hələ də həbsdə saxlanılmaları çox böyük ədalətsizlikdir"-deyə bəyanatda vurğulanır.

Sənəddə qeyd olunur ki, Qarabağ partizanlarının hələ də həbsdə saxlanılması düşmənlərimizi sevindirir və gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərir. Qarabağ Partizanlarının Hüquqlarını Müdafiə Komitəsinin üzvləri və Qarabağ partizanlarının valideynləri bu gənclərin taleyinə biganə münasibətə etiraz olaraq yaxın vaxtlarda Azərbaycan vətəndaşlığından imtina etməyə, aclıq aksiyası, piketlər və digər aksiyaların keçirilməsinə başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti