...

Azərbaycan prezidenti: "Qarabağ münaqişəsini yalnız ölkənin ərazi bütövlüyünün bərpası və qaçqınların öz yurdlarına qaytarılması yolu ilə həll etmək olar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2007 15:41 (UTC +04:00)
Azərbaycan prezidenti: "Qarabağ münaqişəsini yalnız ölkənin ərazi bütövlüyünün bərpası və qaçqınların öz yurdlarına qaytarılması yolu ilə həll etmək olar"

Qazaxıstan, Astana /müx. Trend E.Hüseynov/ Azərbaycan prezidenti İlham Əliyev əmindir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpası və qaçqınların öz yurdlarına qayıtmasıdır.

"Vəziyyətdən çıxış yolu Azərbaycanın ərazi bütövlüyünün bərpası və qaçqınların öz yurdlarına qayıtmasındadır. Digər variantlar mövcud ola bilməz" - deyə Əliyev Qazaxıstan qəzeti "Ekspress K"ya verdiyi müsahibədə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1998-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə hələki nəticəsiz sülh danışıqları aparılır.

"Münaqişənin həlli nöqteyi-nəzərindən hazırkı mərhələdə biz BMT-nin erməni Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən və Dağlaq Qarabağdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsindən çıxış edirik. Analoji qətnamə Avropa Şurası tərəfindən də qəbul olunub. Vəziyyətdən çıxış yolu erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması, Azərbaycanın məcburi köçkünlərinin yurdlarına qayıtmasındadır, hazırda onların sayı 700 min nəfər təşkil edir. Buraya Ermənistandan qaçqın düşən 250 min nəfəri də əlavə edin. Gələcəkdə biz Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazırıq" - deyə Əliyev çərşənbə axşamı qəzetdə çap olunan müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, Dağlıq Qarabağ erməniləri müstəqillik tələb edirlər, lakin bu, heç zaman baş verməyəcək. "Azərbaycan xalqı və dövləti heç bir zaman buna razı olmayacaq. Dünya ictimaiyyəti onları heç bir vaxt tanımayacaq. Bu yaxınlarda onlar "Dağlıq Qarabağ respublikası"nın prezident seçkilərini keçiriblər və bu hamı tərəfindən pislənib. ABŞ, Fransa, Rusiya, Avropa Birliyi, Türkiyə və bir çox ölkələr heç vaxt Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayacaq. Bunu biz, təəssüf ki, qeyri-konstruktiv mövqe tutan erməni tərəfinə izah etməyə çalışırıq" - deyə Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan hələki sülh prosesinə sadiqdir və hesab edir ki, danışıqlar prosesi hələ tükənməyib. "Əks tərəfin qeyri-səmimiliyi, vasitəçiləri aldatma və vaxtı uzatma cəhdləri heç nəyə gətirib çıxarmayacaq. Vaxt keçdikcə onların mövqeyi zəifləyir, bizim mövqe isə güclənir. Ola bilsin ki, Azərbaycan torpaqlarının geri qaytarılması ayrı-ayrı vəzifələri tutan ayrı-ayrı siyasətçilərin marağında deyil. Ola bilsin onlar öz siyasi ambisiyalarına görə belə qeyri-konstruktiv mövqe tuturlar. Amma bu, erməni xalqının maraqlarına uyğun deyil. Əgər ermənilər bunu başa düşüb işğalçı siyasətə son qoysalar, bu halda Bakı və İrəvan arasında münasibətlər normallaşa bilər və erməni xalqı kənar qüvvələrin yardımındansa bizim əməkdaşlığımızdan daha çox şey əldə edə bilər" - deyə Əliyev yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti