Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, Elm və Təhsil Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənliməsi üzrə məruzəçisi Eduard Ohara bölgəyə səfəri çərçivəsində Dağlıq Qarabağa gedərsə, Azərbaycan ərazisindən istifadə etməlidir. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.
"Oharanın bölgəyə səfəri Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir" - deyə Seyidov qeyd edib.
Oharanın Cənubi Qafqaza səfəri bir neçə dəfə təxirə salınıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri bildiriblər ki, Ermənistan səfərə razılıq vermədiyinə görə, Oharanın bölgəyə gəlməsi baş tutmurdu. Ermənistan tərəfi isə iddia edirdi ki, Azərbaycan Oharanın Naxçıvana getməsinə razılıq vermir və ona görə də səfər baş tutmur. Ermənistan Naxçıvanda olan erməni qəbirstanlıqlarının dağıdıldığını iddia edir. Azərbaycan isə bunu təkzib edir və Oharanın Naxçıvana getməsinə etiraz etmir. Rəsmi Bakı isə bildirir ki, ermənilər Ermənistanda və işğal etdikləri Azərbaycan ərazilərində olan Azərbaycana məxsus mədəni və tarixi abidələri məhv ediblər. Rəsmi Bakı Oharanın Ermənistan və işğal altında olan Dağlıq Qarabağdakı Azərbaycan abidələrinin vəziyyətini öyrənməsini tələb edir. AŞPA məruzəçisinin bölgəyə səfəri bu məsələləri öyrənmək məqsədi daşıyır.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Azərbaycan AŞPA məruzəçisini qəbul etməyə hazırdır və rəsmi Bakının onun səfərinə heç bir etirazı yoxdur.
Onun sözlərinə görə, AŞPA məruzəçisinin Azərbaycana, Azərbaycanın işğal olunmuş ərazilərinə və Naxçıvan Muxtar Respublikasına getməsinə heç bir məhdudiyyət qoyula bilməz: "Lakin səfərlə bağlı Azərbaycanın bir neçə şərti var. Şərtlər isə ondan ibarətdir ki, əgər Ohara Dağlıq Qarabağa gedəcəksə Azərbaycan ərazisindən keçib getməlidir. Yəni Azərbaycanın ərazi bütövlüyü prinsipinə riayət olunmalıdır".
Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, AŞPA məruzəçisinin səfəri mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi ilə bağlıdırsa, onda Ohara Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa da gedərək qeyd olunan yerlərdə Azərbaycan abidələrinin dağıdılması ilə maraqlanmalıdır.
Seyidov bildirib ki, Oharanın Azərbaycanın şərtlərini qəbul edib-etməməsi barədə məlumata mailk deyil.
Ohara bölgəyə avqustun sonu-sentyabrın əvvəllərində gələcək.