...

Qarabağ Azadlıq Təşkilatının fəallarına xəbərdarlıq edərək sərbəst buraxıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ermənilərin Bakıya gəlişinə etiraz olaraq aksiyalar keçirməyi planlaşdıran Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları polis idarəsində 3 saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Bu barədə çərşənbə günü Trend ə QAT-ın sədri Akif Nağı məlumat verib.

Sentyabrın 6-da Bakıda MDB-yə üzv ölkələrin daxili işlər nazirlərinin toplantısı keçiriləcək. Həmin toplantıda Ermənistanın daxili işlər nazirliyinin nümayəndələrinin də iştirakı təmin olunacaq. Azərbaycan hökuməti onların təhlükəsizliyinə zəmanət verib.

Ermənistan nümayəndəsinin Bakıya gəlişinə etiraz olaraq , QAT həmin gün aksiyalar keçirməyi planlaşdırır.

Nərimanov rayon polis idarəsinin rəisi Elxan Həsənov başda olmaqla , 20-ə yaxın polis əməkdaşı QAT-ın ofisinə gəlib. Təşkilat fəalları ilə mübahisələrdən sonra QAT-ın sədri Akif Nağını və bir qrup üzvünü polis idarəsinə aparıblar. Üç saat idarədə saxlanılan beş nəfər QAT fəalına ciddi şəkildə xəbərdarlıq edilib. Onlara bildirib ki, MDB-nin tədbiri ilə əlaqədar aksiyalar keçirsələr, tədbirin pozulmasına çalışsalar, ciddi şəkildə cəzalandırılacaqlar.

QAT sədri isə , öz mövqelərindən dönməyəcəklərini, etiraz aksiyasına cəhd göstərəcəklərini deyib.

"Etiraz aksiyalarımız sabah QAT-ın ofisindən başlayacaq, həmçinin , tədbir keçirilən otelə qədər yaxınlaşmağı planlaşdırırıq"-deyə Nağı məlumat verib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti