...

Millət vəkili: "Azərbaycan NATO-ya daxil olacaq"

Siyasət Materials 19 Sentyabr 2007 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Azərbaycan NATO-ya daxil olacaq. Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə çərşənbə günü Bakıda NATO Parlament Assambleyasının Demokratik İdarəçilik Alt Komitəsinin sədri Çətin Kazakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

"Azərbaycan NATO-ya üzv olmağı, hətta Avropa Birliyinə daxil olmaqdan daha üstün tutur. Ona görə yox ki, NATO-ya üzv olmaq təhlükəsizlik çətiri yaradır. Azərbaycan NATO-ya daxil olmağı ona görə üstün tutur ki, bu qurum demokratiya, insan hüquqları sahələrinə böyük önəm verir və bu sahələrdə böyük uğurlar qazanan siyasi təşkilatdır. Azərbaycan cəmiyyətində Avroatlantik sturukturlara, o cümlədən NATO-ya inteqrasiya ilə bağlı razılıq əldə olunub" -deyə Mollazadə əlavə edib.

Azərbaycan 1994-cü ildən etibarən NATO ilə "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində əməkdaşlıq etməyə başlayıb. Hazırda bu əməkdaşlıq "Fərdi Əməkdaşlığın Fəaliyyət Planı" çərçivəsində daha geniş formatda davam etdirilir. Ölkədə bir sıra sahələrin, xüsusən də hərbi sahənin NATO standartlarına uyğunlaşdırılması prosesi gedir. Mütəxəssislər Azərbaycanın nə vaxtsa NATO-ya daxil olacağını bildirir. Bu sahədə ən böyük problem kimi Dağlıq Qarabağ münaqişəsi göstərilir. Rəsmi Bakı isə NATO-ya qoşulmaqla bağlı rəsmi mövqe açıqlamayıb.

Mollazadənin fikrincə, Azərbaycanın NATO-ya daxil olması gündəmdədir. Lakin bu sahədə bir sıra işlər görülməlidir: "İlk növbədə bir sıra problemlər həll olunmalı, siyasi, iqtisadi, hərbi, insan hüquqları sahəsində islahatlar aparılmalıdır".

O qeyd edib ki, Azərbaycan bu sahədə keçmiş sosialist ölkələri olan Şərqi Avropa və Baltikyanı dövlətlərindən nümunə götürə bilər. Çünki bu ölkələrin demokratik islahatlar və qanunvericilik sahələrində böyük təcrübələri var.

Mollazadə onu da qeyd edib ki, Azərbaycan çətin şərtlər altında olmasına baxmayaraq, bölgənin təşlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır.

Liberal-demokratik yönlü müxalifət partiya olan Azərbaycan Demokratik İslahatlar Partiyası 2005-ci ildə yaradılıb. Partiyanın sədri, millət vəkili Mollazadə 2000-2005-ci illərdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub.

Xəbər lenti

Xəbər lenti