...

Vitse-spiker: "Seçki Məcəlləsində əsaslı dəyişiklik edilməyəcək"

Siyasət Materials 21 Sentyabr 2007 14:43 (UTC +04:00)
Vitse-spiker: "Seçki Məcəlləsində əsaslı dəyişiklik edilməyəcək"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycanın Seçki Məcəlləsində əsaslı dəyişiklik edilməyəcək və məcəllənin təkmilləşdirilməsi və dəyişiklik edilməsi məsələsi parlamentin payız sessiyasının gündəliyinə daxil edilməyib. Bu barədə cümə günü Bakıda keçirdiyi mətbuat konfransında Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komisiyasının sədri Ziyafət Əsgərov məlumat verib.

"Seçki Məcəlləsində əsaslı dəyişiklik edilməyəcək. Çünki Azərbaycanın Seçki Məcəlləsi demokratik və yüksək səviyyəli seçki keçirməyə imkan verir və bunun üçün lazım olan hüquqi bazanı yaradır" - deyə Əsgərov bildirib.

Beynəlxalq təşkilatlar Azərbaycanın Seçki Məcəlləsində dəyişiklik edilməsini təklif edirlər. Bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında danışıqlar davam edir. Növbəti görüşün oktyabrın 20-21-də Bakıda keçirilməsi planlaşdırılır.

Beynəlxalq təşkilatlar seçki komissiyalarının iqtidar və müxalifət təmsilçilərinin iştirakı ilə paritet əsaslarla formalaşdırılmasını tələb edirlər. Müxalifət bu təklifi dəstəkləyir. Hakimiyyət isə hesab edir ki, hazırkı format iqtidar, parlamentdə azlıqda təmsil olunan partiyalar və bitərəf deputatların nümayəndələrindən formalaşdırılan komissiyaların fəaliyyəti beynəlxalq tələblərə cavab verir.

Vitse-spiker qeyd edib ki, Seçki Məcəlləsi ilə bağlı beynəlxalq təşkilatlarla Azərbaycan hökuməti arasında aparılan danışıqlar başa çatmadığına görə, məsələ parlamentin payız gündəliyinə daxil edilməyib: "Danışıqlar başa çatsa və müzakirələrdə bir nəticə əldə olunsa, Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı məsələ parlamentin gündəliyinə daxil edilə bilər".

Onun fikrincə, Seçki Məcəlləsində yalnız prosedur və texniki məsələlərlə bağlı dəyişiklik edilə bilər.

Xəbər lenti

Xəbər lenti