...

Azərbaycanlı deputatlar PKK-nın terrorçu təşkilat kimi tanınması barədə bəyanata dair razılığa gələ bilmirlər

Siyasət Materials 15 Noyabr 2007 14:02 (UTC +04:00)
Azərbaycanlı deputatlar PKK-nın terrorçu təşkilat kimi tanınması barədə bəyanata dair razılığa gələ bilmirlər

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti Türkiyədə terror aktları törədən PKK-nın terrorçu təşkilat kimi qəbul edilməsi ilə bağlı ayrıca bəyanat qəbul etməyəcək. Bu barədə cümə axşamı Trend ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı qəbul olunacaq bəyanatın layihəsini hazırlamaq üçün Parlamentdə yaradılmış komissiyanın üzvü Siyavuş Novruzov məlumat verib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında birgə bəyannamə imzalanıb. Həmin bəyanatda PKK-nın terrorçu təşkilat olması ilə bağlı müddəalar yer alıb.

"Həmin sənəd Milli Məclisdə ratifikasiya olunacaq və faktiki olaraq Parlamentin mövqeyini əks etdirəcək. Ona görə də PKK-nı terrorçu təşkilat kimi tanınması ilə bağlı Parlamentin ayrıca bəyanat verməsinə ehtiyac yoxdur", deyə Novruzov əlavə edib.

Millət vəkili qeyd edib ki, prezidentlərin imzaladığı birgə bəyanat ratifikasiya olmaq üçün yaxın günlərdə Parlamentə çıxarılacaq və PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı Azərbaycan dövlətinin, hökumətinin və Parlamentinin eyni mövqedən çıxışı olacaq.

Millət vəkili Fəzail Ağamalı da bu məlumatı təsdiq etsə də, komissiyanın digər üzvü, Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseynov bildirib ki, onun komissiyanın iclasının keçirilməsindən, PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı bəyanatın qəbul edilməsinin təxirə salınmasından xəbəri yoxdur.

Müxalifətçi deputat, komissiyanın digər üzvü Fazil Qəzənfəroğlu da bildirib ki, komissiyanın iclasının keçirilməsi haqqında məlumatı yoxdur.

Deputat Jalə Əliyeva isə qeyd edib ki, bəyanatın layihəsi ekspertlər tərəfindən hazırlanıb və bu bəyanatın Milli Məclis tərəfindən qəbul edilməsi təxirə salınmayıb.

Xəbər lenti

Xəbər lenti