...

Amerikalı professor Rusiyada keçirilən parlament seçkilərinin beynəlxalq standartlara cavab verməsinə inanmır

Siyasət Materials 4 Dekabr 2007 14:34 (UTC +04:00)
Amerikalı professor Rusiyada keçirilən parlament seçkilərinin beynəlxalq standartlara cavab verməsinə inanmır

Azərbaycan, Bakı / Trend müxbir A.Qasımova/ Ouklend Universitetinin (ABŞ) politologiya üzrə professoru Pol Kubiçek hesab edir ki, Rusiyada keçirilən parlament seçkilərinin beynəlxalq standatlara cavab verməsinə inanmaq çətindir.

Dekabrın 2-də Rusiya Federasiyasında beşinci çağırış Dövlət Dumasına deputat seçkiləri keçirilib.

MSK sədri Vladimir Çurovun veridiyi məlumata görə, Dövlət Dumasına seçkilərin yekunlarına dair rəsmi məlumat dekabrın 7-8-də açıqlanacaq.

Seçki komissiyasının məlumatına görə, səslərin hesablanmasının yekunlarına görə, "Yedinaya Rossiya" ("Vahid Rusiya") səslərin 64%-ni, RF-nin Kommunist Partiyası səslərin 11,6%-ni, RLDP səslərin 8,2%-ni, "Spravedlivaya Rossiya" ("Ədalətli Rusiya") səslərin 7,8%-ni qazanıb. Dövlət Dumasına bu dörd partiya daxil olur, yalnız bu partiyalar yeddi faizlik baryeri keçə bilib.

RF-də keçirilən seçkilər əslində ölkənin hazırkı prezidenti Vladimir Putin ilə bağlı referendumdur və Kreml bu seçkilərdə qalib gəlmək üçün bütün vasitələrdən istifadə edib, bunlara KİV-ə icazə ilə bağlı məhdudiyyətlər, hədələr, inzibati mənbələr, müxalifət nümayəndələrinin həbsi və s. daxil etmək olar. Bu barədə Kubiçek çərşənbə axşamı Vaşinqtondan telefonla verdiyi müsahibəsində bildirib.

"Mən inkar etmirəm ki, Vladmir Putin Rusiyada kifayət qədər tanınmış fiqurdur, lakin mən Putin və onun tərəfdarlarının istifadə etdikləri metodların nə dərəcədə qanuna uyğun olub-olmaması barədə özüm-özümə sual verirəm" - deyə professor qeyd edib. Ekspert bu metodlara misal olaraq seçkilərə bir həftə qalmış müxalifət nümayəndələrinin döyülməsi və həbsini göstərib. "Rusiya hökumətinin ATƏT-dən olan müşahidəçilər üçün bir sıra maneələr yaratması isə başqa bir məsələdir" - deyə ekspert bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu noyabrın16-da Rusiya hakimiyyət orqanlarına belə bir məlumat göndərib ki, dekabrın 2-də Rusiyada baş tutacaq parlament seçkilərinə müşahidəçilər göndərməyəcək. Bu qərar ABŞ tərəfindən də dəstəklənib və ABŞ bəyan edib ki, Rusiya hakimiyyət orqanları beynəlxalq müşahidəçilər üçün "böyük təəssüf doğuran" maneələr yaradıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ATƏT-in strukturu çərçivəsində təşkil olunub və 1990-cı ildən fəaliyyət göstərir. Təsisat seçkilərin və monitorinqlərin keçirilməsinə köməklik edir və demokratik təsisatlara, qeyri-hökumət təşkilatlarına dəstək göstərir.

Xəbər lenti

Xəbər lenti