Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir K. Zərbalıyeva/ Baş Prokurorluq "Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş nəzarəti şurası" təşkilatının fəaliyyətini araşdırır.
Baş Prokurorluğun mətbuat xidmətindən şənbə günü Trend ə bildirilib ki, 2006-cı il dekabrın 16-da Şahin Mahmudov tərəfindən yaradılmış təşkilat, dövlət qeydiyyatına alınamsı üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, nazirlik təşkilatın qeydiyyata alınmasından imtina edib.
Buna baxmayaraq, Mahmudov Şuranın fəaliyyətini davam etdirib, qurumun ölkə rəhbərliyinin tövsiyyəsi və dəstəyi ilə yaradıldığını, dövlət qeydiyyatından keçdiyi barədə uydurma məlumatlar yayıb.
Mahmudov 62 rayonda nümayəndəlik adlanan struktur vahidləri təsis edib, müxtəlif şəxsləri nümayəndəliklərə rəhbər, təhqiqatçı və nəzarətçi vəzifələrinə təyin edib və onlara təşkilatın möhürü olan vəsiqələr verib.
Ötən il fevral-iyun aylarında Şuranın Ağdam, Ağcabədi, Bərdə, Qusar, Bakının Nizami rayon nümayəndəlikləri dövlət orqanlarının səlahiyyətlərini mənimsəməklə, ayrı-ayrı hüquqi və fiziki şəxslər barəsində vergilərin ödənilməsi, dövlət əmlakından təyinatı üzrə istifadə olunması, ekologiya, sanitar-gigiyena, ticarət və digər sahələrdə yoxlamalar aparıb.
Qanunsuz yoxlamaların nəticəsində, müxtəlif akt və protokollar tərtib edilib, hədə-qorxu və dələduzluq yolu ilə vətəndaşlardan pul alınıb.
Törətdiyi əməllərə görə, Mahmudov, Ağcabədi rayon nümayəndəliyinin rəhbəriAzər Cəfərov Cinayət Məcəlləsinin vəzifəli şəxsin səlahiyyətini mənimsəmə, Ağdam rayon nümayəndəliyinin rəhbəri Eldar Qasımov dələduzluq, hədə-qorxu ilə tələb etmə, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə maddələri ilə təqsirli bilinərək, barələrində həbs seçilib.
Cinayət işinin istintaqı yekunlaşaraq, baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
Hazırda Şuranın Bərdə, Qusar, Bakı şəhəri, Nizami və digər rayon nümayəndəlikləri tərəfindən qanunsuz yoxlamalar aparılması və digər faktlara dair ibtidai istintaq davam edir.
Şuranın Bərdə rayon nümayəndəliyinin rəhbəri Xeyrulla İsmayılov, Nizami rayon nümayəndəliyinin rəhbəri Fazil Rüstəmov və Şurada nəzarətçi vəzifəsində xidmət edən Məhəmməd Məmmədov, Cinayət Məcəlləsinin vəzifəli şəxsin səlahiyyətini mənimsəmə maddəsi ilə ittiham olunaraq, həbs olunublar. Digər nəzarətçi Gəncəli Əliyev isə, istintaqdan qaçıb gizləndiyindən, barəsində həbsli axtarış elan olunub.