Azərbaycan, Bakı, 28 yanvar / Trend müxbir E.Hüseynli/ ATƏT-in Fəliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, yanvarın 29-da Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Qoşunların təmas xəttində sonuncu monitorinq yanvarın ortalarında ATƏT-in həmsədrlərinin iştirakı ilə keçirilib. Monitorinq insidentsiz ötüşüb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik, onun səhra köməkçiləri İmre Palatinus, Jaslan Nurtazin və Miroslav Vımetal keçirəcəklər.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bazar ertəsi Trend ə bildirib ki, Ermənistan Silahlı Qüvvələri monitorinq zamanı görüntü yaradaraq atəşkəsi pozmur. Monitorinq başa çatdıqdan sonra qarşı tərəf intensiv şəkildə atəşkəs rejimini pozur.