...

Millət vəkili Müdafiə Nazirliyini köhnə hərbi texnika almaqda ittiham edir

Siyasət Materials 1 Fevral 2008 13:53 (UTC +04:00)
Millət vəkili Müdafiə Nazirliyini köhnə hərbi texnika almaqda ittiham edir

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan ordusundakı vəziyyət Milli Məclisdə müzakirə olunmalıdır: "Dövlət büdcəsindən orduya ayrılan vəsait təzə texnikaların alınmasına sərf olunmur" - deyə Milli Məclisin cümə günü keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

Yanvarın 29-da Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təlim-döyüş təyyarəsi Xızı rayonunun Şurabad qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotları-Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Qəzaya uğrayan təyyarə dənizə düşüb.

Həsənquliyev qeyd edib ki, Müdafiə Nazirliyinin rəhbərliyi orduya təzə deyil, köhnə texnika alır: "MİQ-29 təyyarələrinin təzəsinin qiyməti 31 mln. dollardır. Azərbaycan Müdafiə Nazirliyi köhnəlmiş təyyarələri 26 mln. dollara alır, sonra isə Fransadan baha qiymətə noviqasiya sistemi alır. Nəticədə təyyarə qəzaya uğrayıb və Azərbaycanın 2 peşəkar pilotu həlak olub. Bu məsələ, o cümlədən o təyyarələri alanların milli mənsubiyyəti araşdırılmalıdır".

Deputat qeyd edib ki, Azərbaycan müharibə şəraitindədir. Ona görə də ordu məsələsi Müdafiə Nazirliyi rəhbərliyində təmsil olunan bir-iki nəfərin deyil, bütün xalqın işidir.

"Ordu rəhbərliyində azəri-türklərinin sayı artırılmalıdır. Bu haqda açıq danışmanın vaxtıdır" - deyə Həsənquliyev əlavə edib.

Deputat bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi dəvət olunmalı və hesabat verməlidir.

Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, Rusiya MİQ 29 qırıcı təyyarələrinin sistemlərini Fransadan alır.

Xəbər lenti

Xəbər lenti