...

Prezident seçkisində Müsavat-AXCP bloku yaradılması təklif olunur

Siyasət Materials 6 Fevral 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 06fevral / Trend , müxbir S.İlhamqızı/Azərbaycanda prezident seçkisinqdə üç siyasi partiyanın qalib gəlməyə real şansı var - hakim Yeni Azərbaycan Partiyası, müxalifətçi Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası. Bu fikirləri çərşənbə günü Trend ə Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bildirib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Hakim partiya indiki prezident İlham Əliyevin növbəti dəfə namizəd olacağını açıqlayıb. Müxalifət düşərgəsindən Müsavat, Ümid, Böyük Quruluş partiyaları öz namizədi ilə iştirak edəcəyini, AXCP, ALP və VİP-in təmsil olunduğu "Azadlıq" bloku isə hələlik seçkini boykot etdiyini açıqlayıb.

Hacılı bildirib ki, seçkidə yalnız Azərbaycanın bütün ərazisində strukturları olan təşkilat qalib gələ bilər, bu təşkilatın müdafiə etmədiyi şəxs uğur qazana bilməyəcək: "Bəzi müxalifətçilər müxalifətdən olan namizədlərin klubunu yaratmaq, sonra onların arasından ən şanslı olan şəxsi seçmək istəyirlər. Amma mən bunun tərəfdarı deyiləm. Mən istərdim ki, prezident seçkisində AXCP Müsavat Partiyasının namizədini dəstəkləsin, seçkidə bu iki partiya blok şəklində iştirak etsin. Çünki hesab edirəm ki, Müsavatın namizədini 10 nəfərin müdafiə etməyindənsə, təkcə AXCP-nin dəstək verməsi daha əhəmiyyətli olardı"-deyə Hacılı bildirib.

Onun sözlərinə görə, başqa namizədlərin Müsavatı dəstəkləməsi xüsusi əhəmiyyət kəsb etməyəcək.

AXCP-də isə, hesab edirlər ki, seçkiöncəsi siyasi mühit dəyişməyənədək prezident seçkisində iştirakın mənası yoxdur. "Prezident seçkisində iştirakla bağlı AXCP ilə Müsavatın mövqeyi fərqlənir. Ona görə də indiki şərtlərlə AXCP-Müsavat blokunun yaranması mümkün deyil"-deyə AXCP-nin sədr müavini Həsən Kərimov Trend ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, seçki komissiyalarının tərkibi dəyişidrilərsə, sərbəst toplaşmaq azadlığı təmin olunarsa, bütün namizədlər üçün bərabər şərait yaradılarsa, AXCP prezident seçkisində iştirak edəcək və o zaman Müsavatla vahid namizəd məsələsini müzakirə edə bilər.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Müxalifətçi AXCP-nin sədri keçmiş Dövlət Katibi, sabiq deputat Əli Kərimlidir.

Xəbər lenti

Xəbər lenti