...

Müsavat Partiyası prezident seçkilərində az səs toplayan namizədlərin hər dəfə seçkiyə qatılmasının əleyhinədir

Siyasət Materials 17 Aprel 2008 10:40 (UTC +04:00)
Müsavat Partiyası prezident seçkilərində az səs toplayan namizədlərin hər dəfə seçkiyə qatılmasının əleyhinədir

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir S.İlhamqızı/ Müsavat Partiyası prezident seçkilərində az səs toplayan namizədlərin hər dəfə seçkiyə qatılmasını düzgün hesab etmir.

"Seçkidə 3-5 faiz, ya da ondan da az səs toplayan namizədlərin növbəti dəfə seçkidə iştirakı məqsədəuyğun deyil",-deyə Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı Trend a açıqlamasında bildirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu ilin oktyabrında keçiriləcək prezident seçkisində namizəd olacağını açıqlayıb.

O, ötən həftə gənclərlə görüşündə bildirib ki, builki prezident seçkisində 20-25 faiz səs toplamayan namizədlər siyasətdən getmək barədə düşünməlidirlər.

Hacılı bildirib ki, Müsavat Partiyası öz namizədinin seçkidə səslərin 50 faizdən çoxunu toplayacağını, yəni qalib gələcəyinə inanır. Ona görə də İsa Qəmbərin özünün sityasətdən getməsi barədə düşünmürlər.

"Əgər seçkilər demokratik olacaqsa, özünə güvənən heç bir namizədin seçkinin nəticəsindən qorxub çəkinməsinə ehtiyac qalmayacaq. Seçkinin nəticəsi kimin siyasətdə qalmasının, kimin isə getməsinin zəruri olduğunu göstərəcək",-deyə Müsavat funksioneri bildirib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti