...

Azərbaycanın ictimai-siyasi xadimlərinin yeni birliyi hökumətə təkliflər verəcək

Siyasət Materials 6 May 2008 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend müxbir C.Babayeva/ Azərbaycanın ictimai-siyasi xadimlərinin təşəbbüsü ilə yaradılan Demokratik Şura prezidentliyə hər hansı bir namizədin seçki qərargahına və ya təşəbbüs qrupuna çevrilməyəcək. Bu barədə Trend -a Şuranın həmtəsisçisi, politoloq Zərdüşt Əlizadə bildirib.

Dünən Azərbaycanın hüquq müdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və başqalarının təşəbbüsü ilə Demokratik Şuranın yaradılması elan edilib.

Əlizadənin sözlərinə görə, Şura bilavasitə prezident seçkisinə qatılmayacaq, seçkinin ədalətli və demokratik keçirilməsinə dəstək verəcək.

"Şura yalnız seçkinin keçirilməsi qaydalarına köklü islahatların tətbiq edilməsi təkliflərini irəli sürəcək. Şura bilavasitə iştirakçı kimi siyasi mübarizəyə qoşulmayacaq", deyə Əlizadə bildirib.

Onun sözlərinə görə, Şura vətəndaş cəmiyyətinin, hökumətin daha səmərəli işləməsi üçün insan haqları, aqrar, gənclər siyasəti və başqa sahələri əhatə edəcək təkliflər irəli sürəcək.

Şura üzvlərinin səyləri hökumət və cəmiyyət tərəfindən kifayət qədər qiymətləndirilmədiyinə görə, məqsəd onların səylərini cəmləşdirib, müasir informasiya texnologiyaları vasitəsilə onları cəmiyyətə və hökumətə tanıtdırmaq, həmçinin beynəlxalq təşkilat və dövlətlərin imkanlarını səfərbər etməklə təklifləri cəmiyyət və hökumətə təqdim etməkdir.

Əlizadənin sözlərinə görə, Şura üzvləri QHT və koalisiya rəhbərləri olduğu üçün Şuranın layihələrinin əlavə maliyyələşdirilməsinə ehtiyac olmayacaq.

"Şuranın üzvü olan tanınmış şəxslər, QHT rəhbərlərinin cəmiyyətə böyük xeyir gətirəcək hər hansı bir səmərəli layihələri olarsa, Şura onun kənardan maliyyələşdirilməsindən imtina etməyəcək", deyə Əlizadə qeyd edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti