Azərbaycan,Bakı,03iyun/ Trend / . Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Avropa İttifaqı məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey, ABŞ Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə müavini Stiven Mənn və Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza ilə görüşüb. Bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidmətindən çərşənbə axşamı " Trend a bildiriblər.
Əsas mövzusunu Azərbaycanın enerji siyasəti və enerji sahəsində Orta Asiya ölkələri ilə əməkdaşlığı təşkil edən görüşdə tərəflər, bu sahədə əldə olunmuş nailiyyətləri, xüsusilə Azərbaycan və Türkmənistan arasında intensivləşmiş dialoqu məmnunluqla qeyd ediblər.
Nazir Məmmədyarov Azərbaycanın enerji siyasətində diversifikasiya amilini əsas tutmaqla yanaşı, enerji tranziti marşrutlarının öz ərazisindən keçməsində də maraqlı olduğunu, bunun ölkə üçün geostrateji və iqtisadi əhəmiyyətini vurğulayıb. Xarici işlər naziri, həmçinin, ölkəmizin ABŞ, Avropa və Orta Asiya arasında əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.