Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov ABŞ Respublikaçılar Partiyası tərəfindən Con Makkeynin prezidentliyə namizədliyinin rəsmən irəli sürüləcəyi qurultaya dəvət alıb. Bu barədə bazar ertəsi Trend -a AMİP-in mətbuat xidmətindən məlumat verilib.
Qurultay 31 avqust - 4 sentyabrda Minneapolis-Saint Paul şəhərində keçiriləcək.
AMİP lideri tədbirin proqramı çərçivəsində Respublikaçılar Partiyasının rəsmiləri və qurultayda iştirak edəcək digər ölkələrin partiya rəhbərləri ilə görüşəcək.
AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]