...

Azərbaycanın bir sıra müxalif partiyaları seçki ilə bağlı müzakirələr aparıblar

Siyasət Materials 31 İyul 2008 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyasının qərargahında 7-8 partiya sədrinin iştirakı ilə toplantı keçirilib. "Toplantıda vaxtilə "Bizim Azərbaycan" blokunun üzvü olmuş bir sıra partiyalar iştirak edib və məqsəd seçkiqabağı vəziyyəti müzakirə etmək olub", - cümə axşamı Trend - a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend - un arayışı: "Bizim Azərbaycan" bloku 2003 - cü ildə keçirilən prezident seçkisi dövründə prezidentliyə namizəd olan Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək üçün yaradılmışdı. Blokda 30 -dək təşkilat təmsil olunmuşdu. Sonradan Müsavat Partiyası bloku tərk edib. Hazırda bu ad altında fəaliyyət göstərən blokda 8 partiya təmsil olunur. Blok seçkilərdə "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazovu dəstəkləmək niyyətindədir.

Hacılı qeyd edib ki, toplantıda Müsavatın seçkidə iştirak edib-etməyəcəyi barədə hər hansı konkret mövqe bildirilməyib . "Müzakirələr zamanı partiyanın başqanı İsa Qəmbər bununla bağlı özünün konkret mövqeyini ifadə etməyib. Seçkidə iştirak edib-etməmək barədə qərarı avqustun 2 - də partiyanın Məclisi verəcək. Qərar nədən ibarət olsa, ona uyğun da hərəkət olunacaq" - deyən Hacılı görüşün Qəmbərin ətrafında seçki bloku yaratmaq məqsədi ilə keçirildiyi barədə konkret fikir bildirməyib. "Görüşdə Əhrar, Xalq, Cümhuriyyət Xalq və başqa bir neçə partiya iştirak edib və qeyd etdiyim kimi, əsas məqsəd seçkiqabağı vəziyyəti müzakirə etmək olub" - deyə Hacılı əlavə edib.

Müxalif Əhrar Partiyasının sədri Vaqif Hacıybəyli isə, bildirib ki, görüşdə prezident seçkisində iştirak edib-etməməklə bağlı məsələlər müzakirə olunub. "Hazırda istər Müsavatda, istərsə də, bu partiyanın müttəfiqlərində seçkidə iştirak edib-etməməklə bağlı birmənalı mövqe yoxdur" - deyən Hacıbəyli şəxsən özünün boykotun əleyhinə olduğunu bildirib. O, toplantıda Qəmbərin ətrafında blok yaradılması məsələsinin müzakirə olunmadığını qeyd edib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992 - ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin spikeri (1992-93 - cü illərdə) və 2003 -cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti