...

Azərbaycanda yeni müxalifət strukturlarının formalaşmasına zərurət yaranıb – Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 23 Sentyabr 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hakimiyyəti hesab edir ki, Azərbaycanda yeni müxalifət strukturlarının formalaşmasına zərurət yaranıb.

"Prezident seçkisində müxalifətdən olan bir neçə şəxsin iştirakını nəzərə alsaq, iki-üç ildən sonrakı perspektivdə yeni və səmərəli strukturların meydana gəlcəyini ehtimal etmək olar", - deyə çərşənbə axşamı Trend -a Azərbaycan Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

"Biz Azərbaycanda yeni müxalifətin formalaşmasına zərurətin yaranması barədə dəfələrlə danışdığımız zaman, yalnız vəziyyətin siyasi təhlilini verirdik", - deyə Aslanov bildirib. Şöbə müdiri hesab edir ki, bəzi müxalifət partiya rəhbərləri kreslolarından yapışaraq, onu heç kimə vermək istəmirlər, bu isə durğunluq vəziyyətində olan bu təşkilatları total tənəzzülə gətirib çıxarır ki, nəticədə siyasi məkana zərər dəyir. Onun fikrincə, bu partiyaların üzvləri yeniləşməni çoxdan gözləyirlər, lakin bu baş vermədiyindən, bəzi fəalların istefa verməkdən savayı yolları qalmır.

"Hər bir cəmiyyət üçün müxalifət təşkilatlarının olması daha intensiv inkişafa stimuldur. Milli inkişaf strategiyasının prioriteti kimi demokratik inkişaf yolunu seçən Azərbaycan üçün konstruktiv müxalifətin olması mühüm və əhəmiyyətli amildir", - deyə Aslanov bildirib.    

Onun rəyinə görə, müxalifətin prezident seçkisinin boykot edilməsinə dair qərarı beynəlxalq təşkilatların prezident seçkisinə olan münasibətində heç bir halda əks olunmayacaq.

Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisinin qeyri-legitim tanınması barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

"Beynəlxalq təşkilatlar bir neçə müxalifət partiyasının bu dərəcədə qeyri-adekvat hərəkətinin səbəbini tam olaraq dərk edə bilməyib. Seçkilərdə iştirak siyasi təşkilatın mövcudluğunun və fəaliyyət göstərməsinin sübutudur", - deyə Aslanov bildirib.

Onun sözlərinə görə, adətən sekilərdə iki səbəbdən iştirak etmirlər: sosial baza olduqca aşağı səviyyədə olduğu halda və ya siyasi təşkilatın buraxılma perspektivi olarsa. "Bütün namizədlərə bərabər imkan və şəraitin yaradıldığını nəzərə alsaq, bu təşkilat liderlərinin prezident seçkisində iştirakdan imtinalarını siyasi səhnədən təxmin edilə bilən gedişləri kimi qiymətləndirmək olar. Ümumiyyətlə, bu strukturların rəhbərlərinin öz yerlərini yeni nəslə vermlərinin vaxtı çoxdan çatıb", - deyə Azərbaycan Prezidentin İcra Aparatının rəsmi nümayəndəsi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti