...

Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasının seçkiyə getməməsinin səbəbini açıqlayıb

Siyasət Materials 25 Sentyabr 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasının seçkiyə namizədi ilə getməməsinin və boykota üstünlük verməsinin səbəbini açıqlayıb.

"Müsavat Partiyası öz namizədini müəyyən edə bilmədiyindən seçkidə iştirak etməyib", cümə axşamı Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Müsavat Partiyası 2007-ci ilin oktyabrın əvvəlində keçirdiyi Məclisinin iclasında Azərbaycanda 2008-ci il oktyabrın 15-də keçiriləcək prezident seçkisində namizədi ilə iştirak etməsi barədə qərar çıxarıb. Məclis partiyanın başqanı İsa Qəmbərin seçkidə namizəd olmasına qərar verib.

Həmin qərarda qeyd olunmuşdu ki, partiya seçkiöncəsi məsələyə yenidən baxacaq. Partiyanın yerli strukturlarında aparılan müzakirələrdən sonra Məclisin avqustun 2-də keçirilən iclasında prezident seçkisində iştirakdan imtina edilib.

Sentyabrın əvvəlində isə "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Novruzov deyib ki, Müsavat başqanı İsa Qəmbərlə yanaşı, partiya funksionerləri Arif Hacılı, Sülhəddin Əkbər və Rauf Arifoğlu da namizəd olmaq iddiasında idilər.

"Ona görə də əvvəlcə seçkidə iştiraka razılıq verən Müsavat Partiyası sonda seçkiyə qatılmadı", - YAP icra katibinin müavini əlavə edib.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Trend -a açıqlamasında hakim partiyanın icra katibi müavininin mövqeyini əsassız sayıb.

"Partiyanın hələ ötən il keçirilən Məslisində İsa Qəmbərin prezidentliyə namizədliyi yekdilliklə irəli sürüldü və qəbul edildi. Həmin iclasda digər funksionerlərə təklif edildi ki, öz namizədliyini irəli sürmək istəyənlər seçkiyə qatıla bilərlər. Hamı İsa Qəmbərin namizədliyi üzərində qaldı", - Hacılı əlavə edib.

Trend -un arayışı: YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti